“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “KimyaFobiya ilə mübarizə” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə sonuncu görüş təşkil olunub.
9 dekabrda baş tutan förüş Sumqayıt şəhər akademik Y.H. Məmmədəliyev adına 31 saylı tam orta məktəbdə təşkil olunub. Görüşdə həmin məktəbdə təhsil alan 7-11-ci siniflərdən 130 şagird iştirak edib. Görüş zamanı layihə rəhbəri Vəli Əliyev öz çıxışında indiyə qədər layihə çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verib. Layihə müddətincə formalaşmış bəzi statistik məlumatları dinləyicilərin diqqətinə çatdırıb. O qeyd edib ki, indiyə qədər təşkil olunmuş görüşlərdə 500-dən artıq orta məktəb şagirdi iştirak edib, həmin şagirdlərlə görüşə 12 nəfər kimya səhəsində çalışan mütəxəssis dəvət olunub. O əlavə edib ki, bu tədbir ilə birlikdə görüşlərdə şagirdlərə nümayiş etdiriləcək kimya təcrübələrinin sayı 18-ə çatıb.
Daha sonra söz 31 saylı məktəbin direktoru Xanım Əhmədovaya verilib. Onun çıxışının ardınca “Günün qonağı” qismində dəvət olunmuş şəxslərin çıxışı olub. İlk çıxış edən qonaq hazırda “AZECOLAB” şirkətində aparıcı mütəxəssis kimi çalışan Zəkiyyə xanım Hüseynova olub. Zəkiyyə xanım orta məktəb şagirdlərinə kimya laboratoriyalarının qurulması, avadanlıq və maddə ilə təchizatı və laboratoriyada təhlükəsizlik qaydaları, qəza hallarında davranış qaydaları haqqında ətraflı məlumat verib, şagirdlərin suallarını cavablandırın.
Görüşə dəvət olunan ikinci qonaq hazırda “AZƏRSUN” holdinqdə araşdırma və təkminləşdirmə direktorluğunun baş mütəxəssisi kimi çalışan Tural bəy Babayev olub. Tural Babayev öz çıxışında şagirdlərə yağlar, yağların istehsalı və onlardan düzgün istifadə ilə bağlı ətraflı məlumat verib, şagirdlərin suallarını cavablandırıb.
Qonaqların çıxışının ardınca öncədən qeydiyyatdan keçmiş şagirdlər arasında bilik yarışı təşkil olunub. Qalib və fərqlənənlər müəyyənləşdirilib. Son olaraq layihə çərçivəsində dəvət olunmuş ekspert İmran Rəhimov öz köməkçisi Tamerlan Bayramov ilə birlikdə şagirdlərə bir-birindən maraqlı kimya təcrübələri nümayiş etdiriblər. Şagirdlər təcrübələri böyük maraqla qarşılayıblar.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.