Ağdaşda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Gələcəyə doğru” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib.
14 dekabrda Ağdaş rayonu N. Babayev adına Qəribli kənd tam orta məktəbinin VIII-XI sinif şagirdləri arasında “Mən azərbaycanlıyam” milli intellektual oyunu keçirilib. Şagirdlərə Azərbaycan tarixi və etnoqrafiyası, coğrafiya, dil və ədəbiyyat, ümumi, mədəniyyət və incəsənətlə bağlı suallar verilib. İntellektual oyunda ilk üç yeri tutan şagirdlər medal və diplomlarla mükafatlandırılıb.
“Gələcəyə doğru” layihəsinin məqsədi şagirdlərin dünyagörüşünü stimullaşdırmaq, onlar arasında dostluq münasibətlərini inkişaf etdirmək, bacarıq və istedadlarını üzə çıxarmaq, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və digər dəyələri haqqında daha geniş məlumat verməkdir.
Layihə əsasən Ağdaş rayonu N.Babayev adına Qəribli kənd tam orta məktəbinin V-XI sinif şagirdlərini əhatə edib.
Ümumi təhsil müəssisələri kateqoriyasında Ağdaş rayonu N.Babayev adına tam orta məktəbin qalib olmuş “Gələcəyə doğru” layihəsinin icra müddəti 3 ay olub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.