Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək

Tarix: 05.03.2018
Paylaş:

Martın 18-də Bakı məktəbliləri üçün ilk dəfə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.

Bu il üçün pilot olaraq keçirilməsi nəzərdə tutulan KBRM Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçiriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir.

“Öyrənək-əylənək və həll edək” şüarı ilə keçirilən bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan III-X sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.

Müsabiqənin azərbaycan, rus və ingilis dillərində olmaqla üç fərqli dildə keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, ildə bir dəfə olmaqla 1994-cü ildən keçirilən KBRM-də sonuncu dəfə 2017-ci ildə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak edib. Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının (IMO) təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.

Müsabiqənin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gələrək növbəti il üçün fərqli ölkələrdən təqdim edilən suallar arasından seçim edir və yekun sualları müəyyənləşdirirlər. Qaydalara əsasən tapşırıqlar 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə – asan, orta, çətin olmaqla tərtib edilir. Müsabiqə dünyanın bütün ölkələrində mart ayının üçüncü həftəsi təşkil edilir.

Sonda qeyd edək ki, artıq Təhsil Texnologiyaları Mərkəzinin internet səhifəsində (www.ttm.edu.az) pilot müsabiqəyə elektron sənəd qəbulu başlayıb və son qeydiyyat tarixi 13 mart 2018-ci ildir.