Mayın 16-da Təhsil İnstitutunda (ARTİ) Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şurasının (PPPEŞ) növbəti iclası keçirilib.
İclasda Respublikanın 7 ali təhsil və elmi-tədqiqat müəssisəsindən daxil olmuş 2-si elmlər, 15-i fəlsəfə doktorluğu hazırlığı üzrə 12-i pedaqogika, 3-ü psixologiya, 2-si isə hərbi nəzəri elmlər sahələri istiqamətində olmaqla, ümumilikdə 17 dissertasiya mövzusu müzakirə olunub.
İlk öncə Şuranın sədri professor İntiqam Cəbrayılov çıxış edərək qeyd edib ki, 2018-ci ildə PPPEŞ-a ölkənin 5 ali təhsil müəssisəsi və 1 elmi-tədqiqat institutundan cari il ərzində aparılacaq tədqiqat işlərinin mövzuları barədə məlumat daxil olub. Həmin ali təhsil və elmi-tədqiqat müəssisələri aşağıdakılardır: Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Respublikasının Təhsil İnstitutu. Bu müəssisələrdən ümumilikdə 132 (104 – pedaqogika və metodika, 28 – psixologiya sahələri üzrə) elmi-tədqiqat işinin mövzusu ilə bağlı məlumat qəbul edilib, 2 ali təhsil müəssisəsi – Azərbaycan Universiteti və Qərbi Kaspi Universiteti isə müvafiq məktuba cavab olaraq, bu ali məktəblərdə elmi-tədqiqat işlərinin aparılması və doktorluq hazırlığının həyata keçirilmədiyini bildiriblər.
Təqdim olunmuş elmi-tədqiqat işlərinin detallı araşdırılmasına həsr olunmuş məruzənin müzakirəsində PPPEŞ-in sədri, professor İntiqam Cəbrayılovla yanaşı, pedaqogika üzrə elmlər doktorları, professorlar – Akif Abbasov, Ləzifə Qasımova, Ramiz Əliyev, Hümeyir Əhmədov, pedaqogika üzrə fəlsəfə doktorları, dosentlər – Ənvər Abbasov, Rəna İbrahimbəyova, Asif Hacıyev və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Nəticədə 7 mövzu olduğu kimi, 9 mövzu isə müvafiq redaktə və düzəlişlərlə təsdiq edilib. Eləcə də 1 mövzunun yenidən müəyyənləşdirilməsi məqsədilə ali təhsil müəssisəsinə göndərilməsi barədə qərar qəbul edilib.
İclasın sonunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli, 527 nömrəli qərarı ilə təsdiq edilmiş Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnaməyə uyğun olaraq, pedaqogika və psixologiya sahələri üzrə zamanın tələblərinə cavab verən, həmçinin elmi-tədqiqat işlərinin əsas istiqamətlərini və elmi problemləri əks etdirən siyahı Elmi Şura üzvlərinin diqqətinə təqdim edilib və qeyd edilənlərlə bağlı rəy bildirmələri xahiş olunub. Bu da pedaqogika və psixologiya sahəsində yeni, aktual, elmin, təhsilin inkişafına daha çox fayda verə bilən elmi tədqiqatların dərinləşdirilməsinə, əldə ediləcək elmi nəticələrin praktik dəyərliliyinin artırılmasına kömək edə bilər.