Məktəbdaxili qiymətləndirmə ilə bağlı layihənin açılış mərasimi olub

Tarix: 11.09.2018
Paylaş:

Sentyabrın 11-də Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Aftandil Quliyevin “Məktəbdaxili qiymətləndirmənin səmərəliliyinin artırılması” adlı layihəsinin rəsmi açılış mərasimi olub.

Biləsuvar şəhər 4 saylı tam orta məktəbində baş tutan açılış mərasimində layihə rəhbəri Aftandil Quliyev layihənin əsas məqsədi və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib. O qedy edib ki, layihənin əsas məqsədi məktəblərdə Qiymətləndirmə qrupu yaradaraq onların müstəqil qurum kimi məktəbdaxili qiymətləndiməni aparmasına nail olmaqla şagirdlərin həmin vaxt üçün real nəticələrinin hansı səviyyədə olduqlarını aşkara çıxartmaqdır.

Daha sonra layihədə ekspert qismində çıxış edən Təhsil meneceri Hüseyn Hüseynov məktəb nümayəndələrini Təhsil Nazirlyinin məktəblərin son 2 ili əhatə edən statistik göstəriciləri ilə tanış edib, bu göstəricilər ilə bağlı məktəb nümayəndələrinin suallarını cavablandırıb. 

Qeyd edək ki, rəsmi açılışdan əvvəl layihəni idarə edəcək heyətin qurulması yönündə işlər aparılaraq 4 sentyabr 2018-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbarhimov adına Biləsuvar Təhsil Kompleksində ilkin təqdimat mərasimi həyata keçirilmişdir. Daha sonra isə Biləsuvar rayon Təhsil Şöbəsinin Müdiri və inspektorları ilə görüş keçirilmişdir. Bu görüşlər nəticəsində Biləsuvar rayon Təhsil Şöbəsinin inspektorları tərəfindən seçilmiş məktəblərə layihədə iştirak edəcəkləri barədə məlumat göndərilmişdir. 

Pilot olaraq layihənin ikinci mərhələsində Biləsuvar şəhər mərkəzində yerləşən 6 şəhər məktəbinin layihəyə cəlb edilməsi, daha sonra isə bu məktəblərin rəhbərləri ilə həm fərdi şəkildə ayrılıqda, həm də ümumi görüşlər təşkil olunması, onlara layihənin mahiyyəti və məqsədi barədə ətraflı məlumat verilməsi nəzərdə tutulub.

Məktəblər seçildikdən sonra hər məktəbdən iki müəllim olmaqla 12 nəfərdən ibarət Qiymətləndirmə qrupunun yaradılması, qrupu yaratmaqla Biləsuvar rayonunun 6 şəhər məktəbinin 400 nəfər 9-cu sinif şagirdinin eyni vaxtda ilkin diaqnostik qiymətləndirməsinin aparılması planlaşdırılır.

İmtahanlar keçirildikdən dərhal sonra Qiymətləndirmə qrupu şagirdlərin nəticələrini yoxlamağa başlayacaqlar. Nəticələrin yoxlanılması qrupa daxil olan bütün müəllimlərin iştirakı ilə aparılacaqdır.

Qiymətləndirmənin nəticələri bəlli olduqdan sonra nəticələrin təhlili və təhlillər əsasında hər məktəb və sinif üzrə yazılı tövsiyyələr hazırlanaraq məktəblərə təqdim olunması nəzərdə tuttulub.

Layihənin ümumi icra müddəti 3 aydır və layihə üzrə işlər 27 noyabr 2018-ci il tarixində başa çatdırılacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.