Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Müasir İnnovasiyalar Liseyinin ibtidai sinif müəllimi Nurlana Əliyevanın “Şagirdlərin Yay Düşərgəsi” adlı layihəsi uğurla icra olunmaqdadır.
Layihə çərçivəsində görülən işlərin davamı olaraq Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən təlim və tədris mərkəzində 3 günlük düşərgə keçirilib.
Düşərgədə Bakı şəhəri Səbail rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın, Suraxanı rayonu 285 nömrəli orta məktəbin və Nərimanov rayonu 177 nömrəli orta məktəbin 25 nəfər şagirdi və hər məktəb üzrə qrup rəhbəri olan müəllimlər iştirak ediblər.
Üç gün davam edən düşərgədə şagirdlərə müxtəlif komanda oyunları və qrup işləri vasitəsi ilə “Özünü ifadə bacarıqları”, “Komanda işi”, “İmtahanöncəki stressdən necə azad olmaq”, “Beynəlxalq təhsil proqramları”, “Universitetlərə hazırlıq”, “Vaxtın idarə olunması” mövzularında tematik və praktik təlimlər keçirilib.
Düşərgənin daha da maraqlı olması üçün qonaq qismində müxtəlif ekspertlər dəvət olunub. Düşərgənin ilk günündə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi, Xaçmaz rayonu Yeni Azərbaycan Partiyasının sədri Nazim Ağayev şagirdlərin görüşünə gəlib. Qarşılıqlı diskusiya şəraitində keçən görüşdə Nazim müəllim şagirdlərə dəyərli məsləhətlərini verərək onlara dərslərində və gələcək həyatlarında uğurlar arzulayıb, onlara Vətənə, millətə layiq övladlar olmağı arzulayıb. Digər qonaq isə Azərbaycan Respublikası Təhsil İnstitutunun baş mütəxəssisi Tofiq Sadıxov olub. Tofiq müəllim şagirdlərlə komanda işi və özünü ifadə bacarıqları haqqında danışıb.
Layihə rəhbəri Nurlana Əliyevanın fikrincə düşərgə əvvəlcədən olan gözləntilərdən də uğurlu alınıb. Şagirdlər 3 gün ərzində əylənib dincəlməklə yanaşı həm də yeni dostlar qazanıb, yeni bilik və bacarıqlar əldə ediblər.
Layihənin bağlanışı və iştirakçılara sertifikat verilmə mərasiminin ayın sonunda təşkil olunması nəzərdə tutulub. 2 iyul – 2 oktyabr 2018-ci il tarixlərini əhatə edən layihə haqqında ətraflı məlumatı “Şagirdlərin Yay Düşərgəsi” layihəsinin rəsmi facebook səhifəsindən almaq olar.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.