Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Qax rayonu Nizami Gəncəvi adına İlisu kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəlliməsi Səlimə Seydəliyevanın “Məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi” adlı layihəsi çərçivəsində 3 mərhələnin icrasına başlanılıb.
Layihənin əsas məqsədi İlisu kənd orta ümumtəsil məktəbində göstərilən psixoloji xidmətin təkmilləşdirilməsidir. Layihə çərçivəsində keçirilmiş təlimlərdə Qax rayonunda fəaliyyət göstərən məktəblərdə çalışan psixoloqlar , Qax rayonu İlisu kənd orta məktəbinin yuxarı sinif şagirdləri və valideyn qrupu faydalanmışlar.
Belə ki, layihə çərçivəsində avqust ayının 13-ündən başlayaraq 21 avqust 2018-ci il tarixinədək valideyn, psixoloq və şagird qrupları formalaşdırılaraq təlimlər keçirilmişdir. Seminarlar təlimçi Günay İbrahimova tərəfindən keçirilmişdir.
Layihənin icrası zamanı ictimaiyyətin layihə barədə məlumatlandırılması, təlim qruplarının formalaşdırılması həyata keçirilmiş, valideyn, psixoloq və şagird qrupları ilə təlimlər təşkil olunmuşdur. Formalaşmış qruplarla “Psixi inkişafın zəmini və şərtlər”, “Kiçik məktəb yaşı dövründə psixi inkişaf”, “Uşaq tərbiyəsində cəzalandırma”,“Uşaqlarda məsuliyyət hissi və məsuliyyət yaşı” “Valideyn uşaq münasibətlərinin psixoloji aspektləri” “İmtahan dövrü ərzində şagirdlərə psixoloji dəstək” “Bədən dili” mövzuları üzrə silsilə təlimlər keçirilmiş, qrup işləri, buzqıranlar təşkil olunmuş, layihə çərçivəsində hazırlanmış bukletlər, kitabçalar və paylama materialları layihə iştirakçılarına və məktəb kitabxanasının fonduna təqdim olunmuşdur. Təlimlər Qax şəhəri İlisu kəndi tam orta məktəbində həyata keçirilmişdir. Təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.