“Kodlama ilə Riyaziyyat sabahın tələbidir” adlı layihə çərçivəsində işlər davam etdirilir.

Tarix: 01.10.2018
Paylaş:

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Zərdab rayon Yuxarı Seyidlər kənd tam orta məktəbin riyaziyyat müəllimi Xəlilov Aqilin “Kodlama ilə Riyaziyyat sabahın tələbidir” adlı layihəsi çərçivəsində işlər davam etdirilir.

Layihənin əsas məqsədi şagirdlərdə riyaziyyata olan marağın artırılmasıdır. Bu məqsədlə şagirdlərə riyaziyyatı kompüter proqramlaşdırması ilə tədrisi nəzərdə tutulur.

29 sentyabr 2018-ci il tarixində Zərdab rayon Təhsil Şöbəsinin iclas zalında layihənin təqdimat mərasimi keçirilmişdir. Layihənin rəhbəri Xəlilov Aqil çıxış edərək şagirdlərə layihənin keçirilməsi məqsədi barədə geniş məlumat vermiş, riyaziyyatın və proqramlaşdırmanın birlikdə öyrənilməsinin və gələcək üçün bu sahənin artan önəmini qeyd etmişdir. Layihə çərçivəsində çap edimiş və  proqramlaşdırmanın təbliğini özündə əks etdirən bukletlər şagirdlərə paylanılmışdır.

Layihənin təqdimatı zamanı şagirdlərə keçiriləcək təlim kurslarına qeydiyyatın başlanması barədə  məlumat verilmişdir. Bundan başqa layihənin təlimlərində iştirakçıların seçilməsi üçün rayon məktəblərinə müraciətlər edilmişdir.

Təqdimat mərasimində rayon məktəblərindən 100-ə yaxın şagird iştirak etmişdir.

1 oktyabr 2018-ci il tarixindən təlimlərə başlanılması nəzərdə tutulub. Layihə çərçivəsində rayon məktəblərinin 9-11-ci sinif şagirdlərindən seçilmiş 40 nəfər şagirdə proqramlaşdırma və alqoritim yazılışında riyaziyyatın əhəmiyyətinin öyrədilməsi planlaşdırılır. Təlimlərdə həmçinin şagirdlərə riyazi məsələlərin həllində proqramlaşdırmanın tətbiqi öyrədiləcək.

Təlimlər Zərdab rayonunda fəaliyyət göstərən “Gəncliyə Dəstək” İctimai Birliyinin kompüter kursunda keçiriləcək.  

Təlimlərdə iştirak edə bilməyən şagirdlərində layihədən yararlana bilməsi üçün yaradılmış veb səhifədə (www.mathcode.az) keçiriləcək təlim tapşırıqları yerləşdiriləcək.

Təlimlərin 1 ay müddətində davam etdirilməsi və sonda təlimlərdə iştirak edəcək şagirdlərə sertfikatlar verilməsi nəzərdə tutulub.

Zərdab rayon məktəblərin əhatə edən layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.