Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib olmuş Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin “Sərhəd kəndlərində psixoloji xidmətin təşkili” adlı layihəsi uğurla icra olunmaqdadır.
Layihəsinin əsas məqsədi Qazax rayonunun Ermənistanla birbaşa həmsərhəd olan kəndlərinin məktəb psixoloqları, sinif rəhbərləri və valideyinləri üçün silsilə maarifləndirici təlimlər keçirmək, həmin təlimlərdə psixoloji şiddətin əlamətləri, növləri və fəsadları haqqında mühüm məqamları onlara çatdıraraq müxtəlif yaş kateqoriyasına aid şagirdlər üçün ailədə və məktəbdə optimal və komfortlu psixoloji mühit yaratmaqla təhsilin keyfiyyətinin artırılmasına və müharibə şəraitinin illər boyu şagirdlərdə yaratdığı psixoloji gərginliyin aradan qaldırılmasına nail olmaqdır.
Layihəyə Qazax rayonunun sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Abbasbəyli, Fərəhli, Böyük və Bala Cəfərli kənd məktəbləri cəlb olunub. Layihə çərçivəsində həmin məktəblərin inzibati idarəetmə heyəti, psixoloq xidməti, sinif rəhbərləri və şagird valideyinləri üçün pedaqoji və psixoloji peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə təlimlər keçirilməsi nəzərdə tutulub.
Artıq layihənin ikinci mərhələsinin icrasına başlanılıb. Bu mərhələdə məktəb psixoloqları və müəllimlər üçün maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulur.
Başa çatmış birinci mərhəələdə sərhəd kəndi uşaqları üçün stresin yaratdığı fəsadları aradan qaldırmaq məqsədi ilə silsilə yay səyahət turları təşkil edildi. Səyahətlərdə əsasən gərgin maddi və psixoloji durumda olan ailələrin uşaqları və tədris prosesində aşağı nəticə göstərən şagirdlər fəal iştirak etdilər. Səyahətlər təbii antidepressant hesab olduğu üçün psixo-həssas şagirdlərdə stresin yaratdığı fəsadlar minimuma endirilməsi, onlarda dərsə marağının yüksəldilməsi, motivə edilməsi və psixoloji gərginliyin aradan qaldırılması məqsədi daşıyır. Gəzinti turlarına Bala Cəfərli, Böyük Cəfərli və Məzəm kəndlərinin uşaqları cəlb olunub. Uşaqlar Tovuz rayonunun Heydər Əliyev adına parkında əyləncəli, şən və unudulmaz gün keçiriblər.
Eyni zamanda, avqust ayında layihəyə cəlb edilən kəndlərin məktəblilərinin həyatının bir gününü və yaşam tərzini əks etdirən sənədli film çəkildi. Filmin çəkilişi üçün Məzəm kəndinin uşaqları cəlb olundu. Belə ki, sözügedən kənd nəinki Qazaxın, eyni zamanda ölkəmizdə qoşunların təmas xəttinə ən yaxın mövqedə yerləşən yaşayış məntəqəsidir.
Daha sonra, layihə çərçivəsində Qazax şəhərində “Təcili psoxoloji yardım” mərkəzi açıldı və hazırda da fəaliyyət göstərməkdədir. Psixoloji mərkəzdə peşəkar pedaqoq və psixoloqlar (Mədətova Afaq Roman və Məmmədova Gülnarə Qurban qızı) xidmət göstərir. Komanda həm telefon vasitəsilə (İnam telefonu), həm də birbaşa xidmət göstərməkdədir. Xidmət konfliktlə üzləşən məktəblilər, valideynlər və müəllimlərin təcili müraciətlərini cavablandırmaq məqsədi daşıyır. Komanda konfidensiallıq qaydalarına tam şəkildə əməl etməklə, “Dərdini bizə danış!” şüarı altında sadalanan kateqoriyalar üzrə hədəf qrupun konflikt zəminində yaranan problemlərini dinləyib peşəkar məsləhəti verərək, sözügedən konfliktin genişlənməsinin qarşısını alır.
20 oktyabrdan etibarən layihə çərçivəsində hədəf ərazilərin valideyinləri üçün növbəti təlimlərin keçirilməsi planlaşdırılır.
Layihənin icra müddəti 2018-ci ilin 20 iyul – 20 noyabr tarixlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.