İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə start verilir

Tarix: 19.10.2018
Paylaş:

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib olmuş “Ankara məktəbi” məktəb-liseyinin “Əyləncəli riyaziyyat” – ibtidai siniflərdə riyaziyyat fənninin yeni təlim üsulları ilə tədrisi layihəsi üzrə işlər davam edir.

Hazırda təlimlərə hazırlıq işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə təlimlərə start veriləcək. Layihə çərçivəsində paytaxtın ümumtəhsil məktəblərində çalışan 475 nəfərə qədər ibtidai sinif müəllimi üçün təlimlərin keçirilməsi planlaşdırılır.

Artıq layihə çərçivəsində fəaliyyət planına uyğun olaraq yerli və xarici tədqiqatlar əsasında təlim materialları, qiymətləndirmə vasitələri hazırlanıb, hədəf qrupu olaraq seçilmiş 4-cü siniflərdə dərs deyən ibtidai sinif müəllimlərinin siyahısı müəyyən edilib.

Bundan əlavə, layihədə təlimçi kimi fəaliyyət göstərmək istəyənlər üçün elan verilmiş, müvafiq namizədlərlə görüş keçirilərək onlara layihə haqqında ətraflı məlumat verilmişdir. Artıq namizədlərin ilkin qiymətləndirilməsi əsasında təlim iştirakçıları müəyyən edilib.

Ümumi icra müddəti 6 ay olan layihə üzrə işlər 1 fevral 2019-cu ildə başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.