Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Şirvan şəhər 1№-li tam orta məktəb-xüsusi istedadlı şagirdlər liseyinin hərbi rəhbəri, “Məntiq” xüsusi kursunun müəllimi, Əməkdar müəllim Rəfail Əliyevin “Məntiqi tapşırıqlara dair xüsusi vəsait” adlı layihəsi çərçivəsində işlər uğurla davam etdirilir.
Layihənin əsas məqsədi Xüsusi istedadlı şagirdlər liseyində bu kursu tədris edən müəllimlər və kursu öyrənən şagirdlər üçün zəruri vəsaitin hazırlanmasına nail olmaqdır. Bu vəsaitin hazırlanması təhsilimizdə “Məntiq” xüsusi kursunun tədrisindəki dərslik problemini qismən də olsa həll etməyə xidmət edir.
Layihə Şirvan şəhər 1№-li tam orta məktəbdə fəaliyyən göstərən istedadlı şagirdlər liseyində həyata keçirilir. Layihənin əsas iştirakçıları liseyə bu il qəbul olunmuş V sinif şagirdləridir. Layihənin sonunda bu sinifdə təhsil alan 25 şagird bu vəsaitlə təmin olunacaq.
200 nüxsə çap olunacaq bu vəsaitin 20 ədədi yekun mərhələsinin konfrans-təqdimat mərasiminin iştirakçılarına – məktəblərin nümayəndələrinə paylanacaq. Vəsaitin qalan nüsxələri növbəti dərs illərində 3-4 il ərzində burada təhsil alacaq V sinif şagirdlərinin istifadəsinə veriləcək. Respublikada fəaliyyət göstərən digər liseylərə də vəsaitdən yararlana bilmələri üçün məlumat göndəriləcək.
Layihə “İSTEDADLI UŞAQLARIN AŞKAR EDİLMƏSİNDƏ XÜSUSİ VƏSAİTLƏRİN ROLU VƏ ƏHƏMİYYƏTİ” mövzusunda elmi-praktik konfrans və vəsaitin təqdimat mərasimi ilə yekunlaşacaq. Tədbir layihənin həyata keçirildiyi Şirvan şəhər 1№li tam orta məktəbdə 16 noyabr 2018-ci ildə saat 11 –də keçiriləcək. Tədbirdə Təhsil İnstitunun nümayəndəsi, o cümlədən, İnstitutun şöbə müdiri E.Bəylərov, şəhər məktəblərindən 20 nəfər müəllimin iştirakı da nəzərdə tutulub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.