Şagirdlərin talassemiya xəstəliyi haqqında maarifləndirilməsi davam edir.

Tarix: 25.10.2018
Paylaş:

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri 329 nömrəli tam orta məktəbin biologiya müəllimi Süleymanova Vüsalənin “Şagirdlərin talassemiya xəstəliyi haqqında maarifləndirilməsi” adlı layihəsi çərçivəsində işlər uğurla davam etdirilir.

Layihənin əsas məqsədi şagirdləri bu günümüzün bəlası olan, irsi qan xəstəliyi talassemiya haqqında, onun müayinəsi, müalicəsi və genetik olaraq nəsildən-nəslə ötürülmə formaları haqqında  detallı şəkildə maarifləndirməkdir.

Layihə Səbail rayonu ərazisində yerləşən məktəblərin buraxılış sinif şagirdlərini əhatə edir.

Layihə çərçivəsində tezliklə məzun olacaq şagirdlərə  gələcəkdə evlənmədən öncə tibbi müayinədən keçmənin vacibliyini aşılamaq və talassemiyasız gələcək naminə daşıyıcı olub-olmadıqlarının öyrənilməsinin vacibliyini,  əgər talassemiyanın daşıyıcısı olsalar belə bu xəstəliyin irsən ötürülməməsinin yollarını öyrətmək itiqamətində maarifləndirici işlər görülməkdədir.

Xatırladaq ki, 3 sentyabr 2018-ci il tarixində 329 nömrəli tam orta məktəbin müəllim kollektivi üçün layihənin təqdimatı keçirilib. 25-26 sentyabr tarixlərində həmin məktəbdə Səbail rayonu ərazisində yerləşən məktəblərdən dəvət olunmuş 250  nəfər 9-11-ci sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə seminarlar keçirilib. Seminarlarda ekspert  kimi Talassemiya mərkəzindən dəvət olunmuş həkim-hemotoloq  Mirzəyeva Zenfira xanım iştirak edib və talassemiya xəstəliyi haqqında iştirakçılara ətraflı məlumat verib. Tədbirlərdə iştirakçılara  maarifləndirmək məqsədi ilə Talassemiya xəstəliyi haqqında məlumatları özündə əks etdirən flayer və broşürlər paylanıb.

Layihə çərçivəsində məktəblərdə  daha çox şagirdi maarifləndirmək məqsədi ilə xüsusi informativ plakatlar və kitabçalar hazırlanıb və çapa verilib. İnformativ plakatların Səbail rayonu ərazisində yerləşən 14 məktəbdə yerləşdirilməsi nəzərdə tutulub.

Noyabr ayında 329 nömrəli tam orta məktəbdə şagirdlərin təqdimatında hesabat tədbirinin keçirilməsi planlaşdırılır. Mütamadi olaraq məktəbiin 7-11-ci sinif şagirdləri ilə dəyirmi masalar təşkil olunur, şagirdlərin  bu xəstəlik haqqında  sulları  cavablandırılır və hesabat tədbirinə hazırlıq işləri görülür.Tədbirə valideynlər və Səbail rayon məktəblərinin biologiya müəllimləri dəvət olunması nəzərdə tutulub. Çap olunan kitabçalar isə məktəblərin biologiya müllimlərinə təqdim olunacaq.

Layihənin icra müddəti 2 sentyabr 2018-ci il – 2 dekabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.