Məşhur türkiyəli mütəxəssislər Təhsil İnstitutunda təlim keçiblər

Tarix: 03.05.2019
Paylaş:

Mayın 3-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda doktorantura və magistratura pilləsində təhsil alanlar üçün təlim təşkil edilib.

Təlim İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun (Economic Cooperation Organization – ECO)  prezidenti Akif Kireçcinin və Hacettepe Universitetinin Təhsil Elmləri İnstitutunun müdiri, professor Əli Əkbər Şahinin Bakıya səfərləri çərçivəsində həyata keçirilib.

Təlimin mövzusu “Beynəlxalq jurnallara məqalə yazma və dərc etmə” olub.

Təlimdə iştirakçılara beynəlxalq jurnallar üçün məqalənin yazılması və təqdimatı, araşdırma mövzusunun seçilməsi, məqalə yazma etiketi, nüfuzlu elmi jurnallara məqalə və tezislərin göndərilməsi, onun standartları və dərc olunması üçün atılacaq addımlar barədə geniş təqdimat edilib.

Tədbirdə Təhsil İnstitutunda doktorantura pilləsi üzrə təhsil alanlar, institutun direktor müavinləri və şöbə müdirləri iştirak ediblər.  

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Avropadan, Qafqazdan, Mərkəzi Asiyadan, Yaxın Şərq və Cənubi Asiyadan bir sıra ölkələri əhatə edən hökumətlərarası regional təşkilatdır. Təşkilatın ümumi məqsədi üzv dövlətlərin və bütövlükdə regionun davamlı iqtisadi inkişafının təmin olunmasıdır. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (Regional Cooperation for Development – RCD) kimi qurulan Təşkilat 1985-ci ildə “ECO” adını almışdır. 1992-ci ildən etibarən, Əfqanıstan İslam Respublikası, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bu təşkilata üzv olaraq Asiyanın ən böyük regional bloklarından birini təşkil edib.