“Şagirdlərdə ekoloji mədəniyyətin formalaşdırılması” mövzusunda elmi seminar keçirilib

Tarix: 15.05.2019
Paylaş:

Mayın 15-də tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) “Şagirdlərdə ekoloji mədəniyyətin formalaşdırılması” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktor müavini, dosent Ənvər Abbasov açaraq tədbir iştirakçılarını seminar haqqında məlumatlandıraraq məruzə üçün sözü Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılova verib. İntiqam Cəbrayılov öz məruzəsində ekoloji mədəniyyətin mahiyyəti və onun şagirdlərdə formalaşdırılması yolları, ekoloji mühitin insan sağlamlığı üçün əhəmiyyəti, plastik qablaşdırma və onun tullantılarının ətraf mühitə mənfi təsiri, alternativ qablaşdırma vasitələrindən istifadənin əhəmiyyəti və eləcə də ümumtəhsil məktəblərində ekologiyanın qorunmasına dair maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyindən bəhs edib.

Qeyd edək ki, tədqiqat işi Təhsil nəzəriyyəsi şöbəsinin iki əməkdaşı – böyük elmi işçilər Rüxsarə Tağıyeva və Şəfa Kazımova tərəfindən birgə həyata keçirilib.

Müəlliflərdən Şəfa Kazımova və Rüxüsarə Tağıyeva çıxış edərək tədqiqatın aparılma metodikasından və işdə diqqət mərkəzində saxlanılan bəzi məsələlərdən bəhs ediblər. Onlar qeyd ediblər ki, ümumtəhsil məktəblərində şagirdlərin ekoloji mədəniyyətinin formalaşması tədqiqat işində daha çox diqqət mərkəzində saxlanılıb. Tədqiqat işi həyata keçirilən zaman daha çox yerli və xarici mənbələr araşdırılıb, dərslik və dərs vəsaitləri, eləcə də təhsil standartları təhlilə cəlb olunub. Şagirdlərin ekoloji mədəniyyətinin formalaşmasında bütün fəaliyyətlərin əsası ailədən və düzgün tərbiyənin verilməsindən asılıdır. Bu sahədə məktəbdə və ailədə qarşılıqlı və sistemli fəaliyyət həyata keçirilməlidir.

İnstitutun elmi katibi, professor Akif Abbasov öz çıxışında bildirib ki, şagirdlərdə ekoloji mədəniyyətin formalaşdırılması məsələsində sadəcə təkliflər verməklə kifayətlənməməli, öz fəaliyyətimiz, əməlimizlə həyata keçirməli və şagirdlərə örnək olmalıyıq.

Təhsilin iqtisadiyyatı və idarəolunması şöbəsinin müdiri, professor Piralı Əliyev çıxış edərək bildirib ki, tədqiqat işinin təklifləri ümumiləşdirilib tövsiyə kimi verilsə, ümumtəhsil məktəblərinin şagirdlərinin ekoloji sahədə maariflənməsi məsələsində daha səmərəli nəticələrə nail olmaq olar.

Elmi-pedaqoji Mərkəzin direktoru v.i.e. dosent İlham Cavadov çıxış edərək bildirib ki, tədqiqat işi ilə bağlı maarifləndirici videoçarxın çəkilməsi və ictimaiyyətə çatdırılması tövsiyə olunur. İ.Cavadov şagirdlərin ekoloji mədəniyyətinin formalaşdırılması üçün ssenarinin yazılması və onun ekranlaşdırılması məsələsinin növbəti həftədə müzakirə olunmasının vacibliyini vurğulayıb.

İnformasiya şöbəsinin müdiri Kənan Kərimli və Strateji təhlil şöbəsinin baş mütəxəssisi Tural Hətəmxanov öz çıxışlarında tədqiqat materiallarının elektron versiyada sayta yerləşdirilməsi və geniş pedaqoji kollektivə çatdırılmasını tövsiyə ediblər.

Daha sonra institutun əməkdaşları – Akif Əliyev, Əlişah Gərayev, Qəzənfər Əliyev, Rəsul Əsgərov ekologiya və ekoloji mədəniyyətlə bağlı fənn və ya qısamüddətli fakültativ kursların təşkil olunması təklifi ilə çıxış ediblər.

İnstitutun əməkdaşları Adilə Nəzərova və Nürəddin Hüseynov öz çıxışlarında ekoloji mədəniyyətə dair məlumatların sadəcə həyat bilgisi fənnində deyil, digər fənlərin də tədris materiallarında yer alması və tədqiqat materialının məktəblərdə də təqdim olunması fikrini irəli sürüblər

Tədbirin sonunda İnstitutun direktor müavini Ənvər Abbasov, tədqiqatların daha mobil olması və qısa müddət ərzində həyata keçirilməsi təklifi ilə çıxış edib. O, seminarın məruzəçisi İntiqam Cəbrayılova, müəlliflərə və çıxış edənlərə öz təşəkkürünü bildirib və bu cür tədbirlərin silsilə şəklində bundan sonra da davam etdiriləcəyini vurğulayıb.