6-cı sinif şagirdləri arasında informatika fənni üzrə milli qiymətləndirmə keçirilir

Tarix: 30.05.2019
Paylaş:

Mayın 20-dən etibarən Azərbaycan Respublikası Təhsil nazirinin 12.09.2017-ci il tarixli 281 nömrəli əmrinə əsasən “İnformatika fənninin tədrisi üzrə pilot layihənin həyata keçirilməsi” layihəsi çərçivəsində ölkə üzrə 6-cı sinif şagirdlərinin informatika fənni üzrə bilik və bacarıqlarının ölçülməsi məqsədi ilə milli qiymətləndirmə həyata keçirilir.

Qiymətləndirmə çərçivəsində 6-cı sinif şagirdlərinin informatika fənnindən bilik və bacarıqlarının ölçülməsi ilə yanaşı, sorğu vasitəsilə şagirdlərin informasiya kommunikasiya texnologiyalarından istifadə dərəcəsinin öyrənilməsi nəzərdə tutulub.

2019-cu ilin may-iyun ayları ərzində qiymətləndirmənin bütün ölkə üzrə təsadüfi seçilmiş 200 ümumi təhsil müəssisəsində təşkili edilməsi və 7 iyun tarixində yekunlaşdırılması planlaşdırılır.

“İnformatika fənninin tədrisi üzrə pilot layihə” 2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərinin V siniflərində informatika fənninin tədrisi üzrə pilot olaraq başlanılmışdır. Milli qiymətləndirmənin pilot mərhələsi 2018-ci ilin 12-17 noyabr tarixlərində Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan hər birindən 16 müəssisə olmaqla ümumilikdə 48 ümumi təhsil müəssisəsində keçirilmişdir