“Təhsildə dəyişikliklər labüddür”

Tarix: 30.06.2019
Paylaş:

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkil etdiyi “Saf düşüncə möcüzə yaradır” mövzusunda Humanist pedaqogika üzrə III Respublika oxuları baş tutub.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev çıxışında təhsil sistemində tətbiq olunan yeniliklərdən bəhs edib. Tədbirə dəvət olunduğuna görə təşəkkürünu bildirən E. Əmrullayev çıxışında təhsilə dair müzakirələrin  hər zaman maraqlı olduğunu deyib. Onun sözlərinə görə, son 20-30 il ərzində texnologiyaların həyatımıza sürətli  müdaxiləsi  baş verib. Texnologiyalar həyatımızda sürətli dəyişikliklər yaradıb. Buna baxmayaraq, “2019-cu ilin sinif otaqları ilə  ötən əsrin 70-90-cı illərinin sinif otaqları  arasında böyük fərqi görməyəcəksiniz. Bunlar o deməkdir  ki,  təhsildə baş verən dəyişikliklər,  təəssüflər ki,  texnologiyalar sahəsində baş verən dəyişikliklərdən əsaslı şəkildə geridə qalır. Sual belədir: hər şey belə sürətlə dəyişirsə, təhsil niyə belə sürətlə dəyişməməlidir və dəyişikliyə qarşı  niyə müqavimət göstərməliyik?. Burada müqavimət sözü əsaslı sözlərdən biridir”.  E.Əmrullayev bildirib ki, təhsildə dəyişikliklər labüddür, hansı ölkələr, sistemlər bu dəyişikliyə daha açıq olacaqsa məhz onların iqtisadiyyatları daha davamlı olacaq.  “Deməyim odur ki, təhsildə baş verənləri müzakirə etmək və onlara qarşı açıq olmaq hər bir təhsil işçisinə həmin sürəti tutmaq baxımından çox vacibdir.  İkinci məsələ odur ki, Azərbaycan PISA qiymətləndirməsində iştirak edir. Tədqiqatda dünyanın əsasən iqtisadiyyatları  inkişaf edən ölkələrinin iştirakı məcburidir.  Digər tərəfdaş ölkələr isə bu tədqiqatda könüllülük  əsasında iştirak edə bilir. Tədqiqatda cəmi 80-ə yaxın ölkə iştirak edir, Azərbaycan da o ölkələrin arasındadır.  Bizim nəticələr o siyahının yuxarısında deyil, biz bunu bilirik.  Amma  tədqiqatda niyə iştirak edirik? Çünki dünya təhsilinin bir hissəsi olmaq istəyirik, harada olmasından asılı olmayaraq”.   Şöbə müdiri qeyd edib ki,  tədqiqata cəlb olunan ölkələr üçün mühüm sual “Nəyi ölçürük” məsələsidir.  “Bir sıra ölkələri maraqlandıran əsas məqam hansı məktəbin şagirdinin riyaziyyatı  daha yaxşı bilir deyil, hansı şagird özünü məktəbdə xoşbəxt hiss edir  sualının cavabını axtarmaqdır. Yəni,   öyrədənin yox,  öyrənənin xoşbəxtliyi  daha vacibdir.  Öyrədən nə qədər çalışsa da,  əgər öyrənən bunu istəmirsə, onda öyrənmə baş vermir. Təhsilin əsas mahiyyəti öyrənmənin baş verməsidir. Əgər bu baş verirsə, deməli, təhsil var, baş vermirsə, demək təhsil də yoxdur. Ona görə də məktəb mühiti və  məktəbdə şagirdlərin özünü necə hiss etməsi təlimin qarşısında duran əsas vəzifələrdəndir.  Biz başa düşməliyik ki, çox şeylər, xüsusilə də müəllimlərlə bağlı məsələlər əsaslı şəkildə dəyişir”.

E.Əmrullayev qeyd edib ki, müəllimin müqəddəsliyi qalır, çünki bu dəyər məsələsidir.  O, Sinqapur  təhsil sistemini  örnək kimi göstərib. Sinqapurun təhsil standartları, kurikulumlarının əsasında dəyərlər durur, bu dəyərlər aşağı siniflərdən formalaşdırılır. Bu ölkə məhz humanist dəyərlərdən irəli gələrək təhsilini qurmaqdadır. Buna görə də dəyərlər ətrafında müzakirələr aparılmalıdır.

Azərbaycan Müəllimi