Azərbaycan Respublikasının Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində məktəbəqədər təhsil mərkzələrində çalışacaq tərbiyəçi-müəllimlər üçün təlimlər davam edir.
Təlimlərə cari ilin iyul və avqust aylarında keçirilmiş müsabiqə və müsahibə mərhələlərində Azərbaycanın 32 bölgəsindən iştirak etmiş 1600-dək namizədin arasından seçilmiş 250 tərbiyəçi-müəllim cəlb edilib.
Avqustun 24-dən etibarən başlayan təlimlərdə tərbiyəçi-müəllimlərin 10 ayrı qrup şəklində iştirakı nəzərdə tutulub. Təlim müddəti ərzində icmalarda çalışacaq namizədlərə uşaqların yaş xüsusiyyətləri, valideynlərlə ünsiyyət, planlama, mövcud proqramların tətbiqi, ilkin qiymətləndirmə, metodiki yanaşmalar və s. ilə bağlı mövzularda bilik və bacarıqlar verilir. Təlimlər interaktiv təlim metodlarına uyğun olaraq qruplarla iş, müxtəlif simulyasiyalar, rol oyunları, müzakirələr və s. formatında həyata keçirilir.
Seçilmiş tərbiyəçi-müəllimlərin erkən yaşlı uşaqlarla iş sahəsində bilik və bacarıqlarının davamlı olaraq artırılması məqsədi ilə təlimlərin 2 ayda bir dəfə olmaqla yeni tədris ilinin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, layihə yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılmasına xidmət edir. Belə ki, Azərbaycanın 32 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədi ilə daha 250 belə qrup fəaliyyətə başlayacaq. Bununla da bölgələrdə yaşayan 3 və 4 yaşlarında 6 minə yaxın uşaq məktəbəqədər təhsil imkanı əldə edəcək.
Layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.