20-22 sentyabr tarixlərində Avropa İttifaqının maliyyə dəstəyi və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İcma əsaslı qrupların iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində mentor-müəllimlər üçün “Mentorluq” təlimləri keçirilmişdir.
Təlimlərə ötən il layihə çərçivəsində məktəbəqədər təhsil mərkəzlərində çalışan və artıq müəyyən təcrübəyə malik 50 tərbiyəçi-müəllimdən 21 nəfəri seçilərək cəlb edilmişlər. Təlimlərdə icmalarda çalışacaq tərbiyəçi-müəllimlərə mentorluq etmək üçün seçilmiş mentor-müəllimlərə mentorluq, müşahidə və onun aparılması, sinif necə tərtib olunmalıdır, kommunikasiya, effektiv ünsiyyət bacarıqları, geri dönüş və rəy bildirmə, hesabatlılıq, konfliktlərin həll olunması mövzularında nəzəri və praktik bacarıqlar öyrədilmişdir. Təlimlər interaktiv təlim metodlarına uyğun olaraq qruplarla iş, müxtəlif simulyasiyalar, rol oyunları, müzakirələr və s. formatında həyata keçirilmişdir. Seçilmiş tərbiyəçi-müəllimlərin mentorluq sahəsində bilik və bacarıqlarının davamlı olaraq artırılması məqsədi ilə təlimlərin tədris ili ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə çərçivəsində ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla Bakı, Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba, Xaçmaz, Şabran, Neftçala və Şirvanda ümumilikdə 95 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir. Hər mərkəzdə orta hesabla 20 nəfər olmaqla ümumilikdə 2000-dək 3 və 4 yaşlı uşaq məktəbəqədər təhsilə cəlb edilib. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası – sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. Layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.