Noyabrın 1-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyinin əsas benefisiarı olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək layihəsi”nin müxtəlif işçi qruplarının fəaliyyəti üzrə sertifikatların təqdimetmə mərasimi baş tutmuşdur.
Tədbirdə dövlət təhsil standartları, kvalifikasiyaların hazırlanması, kurikulumların hazırlanması və kvalifikasiya üzrə işçi qrupların üzvləri, ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdirlər. İşçi qruplarının fəaliyyətini əks etdirən prezentasiya təqdim olunduqdan sonra Təhsil İnstitutunun, ali təhsil müəssisələrinin, əmək bazarının təmsil olunduğu işçi qruplarının fəal üzvləri müvafiq sertifikatlarla təltif olunmuşdurlar.
Sözügedən layihə 23/01/2018 – 22/07/2020 tarixlərini əhatə edən 30 aylıq layihədir. Layihənin ümumi məqsədi iqtisadi diversifikasiyanı dəstəkləməklə və ömürboyu öyrənmə imkanları yaratmaqla Azərbaycanda təhsil və təlim sisteminin keyfiyyətini və müvafiqliyini artırmaq, Avropa və beynəlxalq təcrübəyə uyğun olaraq Təhsilin İnkişafı Strategiyasını yerinə yetirməyə töhfə verməkdən ibarətdir.