İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinə cəlb edilmiş uşaqların valideynlərinə təlimlər keçirilib.

Tarix: 23.11.2019
Paylaş:

18-22 noyabr tarixlərində Avropa İttifaqının maliyyə dəstəyi və UNİCEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) həyata keçirdiyi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində layihənin 6 hədəf rayonunda – Salyan, Biləsuvar, Masallı, Cəlilabad, Goranboy və Şəmkirdə valideynlər üçün maarifləndirici təlimlər keçirilib.

Təlimlərin məqsədi valideynləri məktəbəqədər təhsilin vacibliyi və faydaları barədə məlumatlandırmaq olub. Layihənin icrasında və eləcə də məktəbəqədər təhsildə valideynlərin rolunun danılmaz olduğu, o cümlədən, icmaların uzunmüddətli və davamlı olmasının təmin edilməsi üçün icmalara könüllü valideyn dəstəyinin vacibliyi vurğulanıb. Valideynlərə 3-4 yaşlı uşaqlarla necə davranmaq, düzgün münasibət saxlamaq qaydaları barədə məlumat verilib və mövzu geniş müzakirəyə çıxarılıb.

Seminarda valideyn assosasiyalarının yaradılması barədə də məlumat verilib. Assosasiya erkən yaşlı uşaqların (3 və 4 yaşlı) icma əsaslı təhsilinin həyata keçirilməsində, uşaqlara məktəbəqədər yaşda ilkin bilik və bacarıqların aşılanmasında, onların təhlükəsizliyinin, sağlamlığının qorunmasında icma uşaqları və ailələrə kömək məqsədi daşıyır.

Təlimi layihənin rəhbəri İlahə Rəsulova və layihənin rəsmi tərəfdaşı Childhood Academy-dən (Uşaq Akademiyası) olan eston eskpertlər tərəfindən keçirilib.

Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.