14-15 dekabr tarixlərində Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində seçilmiş mentor-müəllimlər üçün “Mentorluq-2” adlı təlim keçirilmişdir.
Təlimlərdə “Mentorluq-1” təlimlərində iştirak etmiş, hazırda 33 bölgədən olan icmalarda çalışan tərbiyəçi-müəllimlərə mentorluq edən 16 nəfər mentor-müəllim iştirak etmişdir. Bu mentor-müəllimlərə layihə komandası və təlimçiləri tərəfindən 2 gün ərzində “Effektiv idarəetmə”, “Mentor çarxı”, “Hesabatların düzgün hazırlanması”, “Əlavə resursların cəlb edilməsi”, “İcmaların yeni strukturu” mövzularında təlim və qrup işləri keçirilmişdir. Eyni zamanda mentor-müəllimlərdən seçilərək ABŞ-a və İsrailə təcrübə mübadiləsinə göndərilən müəllimlər öz təcrübələrini digər həmkarları ilə bölüşmüşlər.
Qeyd edək ki, layihə çərçivəsində ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla 33 rayon və şəhərdə ümumilikdə 308 icmada 321 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir. Hər mərkəzdə orta hesabla 20-22 nəfər olmaqla ümumilikdə 6212 nəfər 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilib. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası – sosial- emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. Layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.
Xatırladaq ki, “İcma qrupları vasitəsilə məktəbəqədər təhsilin inkişafı” layihəsi 2017-ci ildən UNİCEF Azərbaycan və Avropa İttifaqının maliyyə dəstəyi, 2019-cu ilin oktyabr ayından isə Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.