8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində 16-cı Beynəlxalq Jautikov Olimpiadası keçirilib.
Olimpiadada ölkəmizi təmsil edən məktəblilər növbəti tarixi uğura imza atıblar.
20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanmışdır.
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanmışdır.
Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medal qazanmışdır.
Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell Telecom MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan məktəbliləri 2006-cı ildən etibarən sözügedən olimpiadada iştirak edirlər və bugünədək 3 qızıl, 19 gümüş, 27 bürünc olmaqla ümumilikdə 49 medal qazanıblar.