İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinin müəllimlərinə təlim keçirilib

Tarix: 27.01.2020
Paylaş:

25-26 yanvar tarixlərində “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinin müəllim heyətinə erkən yaşda uşaq təhsili mövzusunda təlim keçirilib.

Təlimdə icma məşğələləri zamanı müəllimlərə uşaqlarla birgə həm oynamaq, həm də oynayaraq öyrətmək mövzusunda biliklər verilib. Əlavə olaraq, siniflərin gündəlik dərslərə uyğun tərtib edilməsi, tədris zamanı valideynlərin dərs prosesinə qoşulması və eləcə də yaradıcı düşünmə yolları barəsində də məlumatlar verilmişdir.

İki gün davam edən təlimdə layihənin eston tərəfdaşı “Uşaq Akademiyası”nın (Childhood Academy) məktəbəqədər təhsil ilə bağlı mütəxəssisləri Yelena Parfyonova və Yelena Quseva müəllimlər üçün icma dərslərinin düzgün planlanması barədə usta dərslər veriblər. Mütəxəssislər müəllimlər üçün əyani nümunə olaraq 1 saatlıq praktiki məşğələ nümayiş etdiriblər.

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində icmalarda çalışan müəllimlərin peşəkar inkişafına yol açmaqdır. Keçirilən təlim sayca 4-cüdür. Ötən il ərzində 10 rayonu əhatə edən 50 mərkəzdə fəaliyyət göstərən icma liderləri artıq 3 dəfə məktəbəqədər təhsil və peşəkar inkişafla bağlı iki günlük təlimlərə cəlb olunmuşdurlar.

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi və UNİCEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.