İyunun 13-də Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizliyə giriş” təlim layihəsi çərçivəsində “Əşyaların interneti dövründə kibertəhlükəsizlik təhdidlərinin dərəcələri” mövzusunda onlayn dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada əşyaların interneti dövründə qlobal və lokal təhlükəsizlik trendləri, 4-cü sənaye inqilabı dövründə istifadəçi məlumatlarının məxfiliyi, data və məlumat mühəndisliyi, eləcə də ağıllı binaların (smart buildings) təhlükəsizliyi məsələləri sahəsində ekspertlər tərəfindən təqdimatlar keçirilmiş, layihənin iştirakçıları olan tələbələrin bu mövzularda sualları ətraflı cavablandırılmışdır.
ARTİ-nin direktoru Emin Əmrullayevin sədrliyi ilə keçirilən dəyirmi masada ekspert qismində NRYTN Dövlət Radiotezliklər İdarəsinin rəhbəri Rahid Ələkbərli, Koreyanın KAİST Universitetinin fəlsəfə doktorluğu üzrə tələbəsi Rəşad Əliyev, ADA Universitetinin Kompüter elmləri və informasiya texnologiyaları müəllimi Emin Ələsgərov, layihənin təlimçiləri- Böyük Britaniya Kings College elmlər namizədi Pərvin Sadıqova və Oksford Universitetinin magistrantı Miraqşin Abutalıbov çıxış etmişlər. Tədbirdə ARTİ-nin əməkdaşları və “Kibertəhlükəsizliyə giriş” layihəsinin iştirakçıları olan beş ali təhsil müəssisəsindən 20 tələbə iştirak etmişdir.
Layihə çərçivəsində müxtəlif aktual mövzularda onlayn müzakirə və vebinarların təşkili davam etdiriləcəkdir.