İyul ayı ərzində məktəbəqədər təhsil sahəsində işləyən əməkdaşlar üçün “Erkən yaş dövründə uşaqların inkişafına təsir edən amillər və Bağlılıq nəzəriyyəsi” mövzusunda silsiləli vebinarlar təşkil olunub. Vebinar “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin Azərbaycan Sosial İş İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində baş tutub. Vebinarlar məktəbəqədər təhsil üzrə 15 illik təcrübəyə malik, amerikalı mütəxəssis Laura Conson tərəfindən onlayn şəkildə keçirilib.
Vebinarların keçirilməsində əsas məqsəd iştirakçıların bağlılıq nəzəriyyəsini, uşaq emosiyalarını müəyyənləşdirməyi, körpələrin, məktəbəqədər təhsil yaşında olan uşaqların daxilində baş verən qarşıdurmaları və onların yol açdığı davranışları, himayələrində olan uşaqların öz emosiyalarını ifadə etməsi üçün şəraitin yaradılması barədə məlumatlandırmaq olub.
Vebinarlarda əlavə olaraq elmi tədqiqatlar nəticəsində akademik və karyera uğurlarının kökündə uşaqlarda effektiv bacarıqların, özünü anlama və idarəetmənin dayandığı barədə məlumat verilib. Erkən yaş dövründə tərbiyəçi-müəllimlərin uşaqların emosional inkişafının modelləşməsində, motivasiya edilməsində və güclü emosiyalara qarşı gəlməsində əhəmiyyətli rolu izah olunub. Son vebinarda sual-cavab rubrikasına xüsusi yer ayrılıb. Mütəxəssis iştirakçıların məktəbəqədər təhsil və erkən yaşlı uşaqların inkişafı barəsində olan suallarına cavab verib.
Qeyd edək ki, bütün vebinarlar Azərbaycan Sosial İş İctimai Birliyinin İdarə Heyətinin üzvü Aytəkin Hüseynlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Vebinarlar təşkilatın rəsmi “YouTube” səhifəsində yerləşdirilmişdir.
Vebinarların gələcəkdə davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.