Sentyabrın 30-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilati dəstəyi ilə “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin (AzMKÇ) icrasına dəstək” layihəsi çərçivəsində vebinar keçirilib.
Vebinarda Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və hər iki nazirliyin strukturuna daxil olan tabe qurumların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə ARTİ-nin direktoru səlahiyyətlərini müvəqqəti icra edən, direktor müavini Anar Nağıyev açaraq təhsil sektorunun əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlanması sahəsindəki fəaliyyəti barədə məlumat verib və bu baxımdan Milli Kvalifikasiyalar Çərçivəsinin aktuallığını və əhəmiyyətini vurğulayıb.
Daha sonra layihənin baş eksperti İlkin Nəzərov AzMKÇ-nin məqsədləri, üstünlükləri və təhsil sistemində vacibliyi, çərçivənin effektiv icrası üçün tələb olunan institutsional və normativ-hüquqi baza, maraqlı tərəflərin vəzifələri, peşə və kvalifikasiyalar və standartların hazırlanma mexanizmi, qeyri-formal və informal təhsilin tanınması mövzusunda geniş təqdimat edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas benefisiarı olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.