Böhran zamanı uşaqlara psixososial dəstək məqsədilə vebinar keçirilib

Tarix: 18.01.2021
Paylaş:

Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti – YUNİSEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2019-2020-ci illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq “Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” layihəsi çərçivəsində ölkə üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən 1000 nəfər müəllim və psixoloq üçün böhran zamanı uşaqlara psixososial dəstək göstərmək məqsədilə vebinarlar keçirilib.

4 akademik saatı əhatə edən vebinarda müəllim və psixoloqlar psixososial rifah, psixososial dəstək və onun əhəmiyyəti, şagirdlərə psixososial dəstək üçün əsas elementlər – müşahidə etmək, aktiv dinləmə, səmərəli ünsiyyət, stressin idarə edilməsi və istiqamətləndirmək barədə məlumatlandırılıblar. Eyni zamanda, iştirakçılar pandemiyanın uşaqlarda yaratdığı psixososial narahatlıqlar və bu narahatlıqların təlim-tədris prosesinə təsiri, səmərəli ünsiyyət qurmaq və stressli situasiyaları idarə etmək mövzularında müzakirələrə cəlb olunub, bu kimi situasiyalarda konkret həll yolları barədə danışılıb. Vebinar zamanı səmərəli ünsiyyət üçün faydalı «CARE» üsulu şərh olundu və situasiya tipli tapşırıqlar (“case”) üzərində işlənildi. Bununla yanaşı, müəllimin psixoloji rifahının əhəmiyyəti haqqında müzakirələr aparılıb və gərginlikdən azad olmaq üçün nəfəs texnikası işlənilib.