Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 17 fevral 2021-ci il saat 19:00-da “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsinin “Məhsul menecmenti: nədir və necə tədris olunmalıdır? ” adlı üçüncü onlayn tədbiri baş tutub.
Vebinarı ali təhsilini Dyuk (Duke) Universiteti (MBA və Elm və Texnologiya Menecmenti üzrə) və Lomonosov adına Moskva Dövlət Universitetində (Kimya) alan, ABŞ-da “Walmart” şirkətinin E-kommersiya qolunun baş məhsul meneceri Araz Cavadov aparıb. Araz Cavadov Üzvlük və marketinq şöbəsində satış istiqamətinin əsasını təşkil edən Üzvlük platformasının məhsul meneceridir. Eyni zamanda, Araz Cavadov Marketinq şöbəsi ilə birgə yeni istifadəçilərin alınması və mövcud istifadəçi bazasının artırılması üçün yeni məhsulların inkişafı üzrə layihələrdə çalışır. O, çalışdığı iki il müddətində satış platformasının modernləşdirilməsi və Cloud-a miqrasiyası üzrə layihənin birinci fazasını tamamlayıb.
100-dən çox iştirakçının qoşulduğu vebinarda iş dünyasında yeni peşə istiqaməti olan məhsul meneceri və məhsul menecmenti sahəsi ilə bağlı ətraflı məlumat verilib. Həmçinin, vebinar zamanı bu sahədə çalışmaq üçün zəruri olan bilik və bacarıqlar müzakirə edilib. Araz Cavadov çıxışında ali təhsil müəssisələrinin məhsul menecmenti sahəsinə uyğun olan kadrlarının hazırlanması üçün təklif və tövsiyələrini səsləndirib.