Azərbaycan Respublikasının Təhsil İnstitutu 5-12 mart 2021-ci il tarixlərində III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil edəcək. Qiymətləndirmənin əsas məqsədi şagirdlərin keyfiyyət göstəricilərini müəyyən etməkdir. Əyani formada təşkil olunacaq və ölkənin təsadüfi seçilmiş 20 regionunu əhatə edəcək milli qiymətləndirmədə 7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulub. Qiymətləndirmə zamanı COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə əməl olunacaq.
Xatırladaq ki, milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Sözügedən qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Bu tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsullarının hazırlanması planlaşdırılıb.