Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) kollektivində yeni təyinatlar olub.

Tarix: 02.03.2021
Paylaş:

İnstitutun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edəcək aparıcı elmi işçi Könül Abaslı haqqında qısa məlumat vermək istərdik. K.Abaslı bakalavr və magistratura təhsilini Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası (bakalavr) və Pedaqogika nəzəriyyəsi və tarixi (magistratura) ixtisası üzrə tamamlayıb. Daha sonra Türkiyə Respublikası Hacettepe Universitetinin Təhsil Elmləri İnstitutunda Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı proqramı üzrə  doktorantura təhsili alıb. Təhsilin idarəolunması üzrə fəlsəfə doktorudur. ARTİ-yə təyinat alana qədər Xəzər Universitetində müəllim kimi (bakalavr və magistratura səviyyəsində) pedaqoji fəaliyyət göstərib və magistrantların dissertasiya işinə elmi rəhbərlik edib. Eyni zamanda, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən və İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu beynəlxalq layihədə Kurikulumun tərtibi və işlənib hazırlanması üzrə yerli ekspertdir. Beynəlxalq jurnallarda dərc olunmuş bir çox məqalənin, həmçinin təhsil və liderlik mövzusunda nəşr olunmuş kitab bölmələrinin müəllifi və həmmüəllifidir. 

Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinə isə Leyla Abbaslı müdir təyin edilib. L.Abbaslı bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə, magistr təhsilini isə ADA Universitetində İctimai siyasət ixtisası üzrə tamamlayıb. 2016-cı ildən Təhsil İnstitutunda çalışır. Fəaliyyətə başladığı dövrdən müxtəlif yerli və beynəlxalq səviyyəli tədqiqatların təşkili və nəticələrin təhlilində iştirak edib. 2018-ci ildə təhsil naziri tərəfindən oxu bacarıqları üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub. Hazırda PISA 2022 beynəlxalq qiymətləndirmə tədqiqatının milli layihə meneceridir. 2019-cu ildən etibarən Təhsil İnstitutunda Təhsilin təşkili və idarə olunması ixtisası üzrə doktorantura təhsili alır.

Bundan əlavə, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri vəzifəsinə Tural Alışov təyin olunub. O, bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya ixtisası, magistr təhsilini isə Gəncə Dövlət Universitetində Qeyri-üzvi kimya ixtisası üzrə tamamlayıb. İş fəaliyyətinə kimya müəllimi kimi başlayaraq daha sonra Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Qiymətləndirmə şöbəsində çalışıb. “Peşə təhsili və təlimi ilə sahibkarlıq arasında ünsiyyətin qurulması” layihəsində təlimçi, “Kimya-sxem, cədvəl və şəkillərdə”, “Həmkardan həmkara dəstək”, “7-cilərin zəfəri” və s. layihələrdə ekspert kimi fəaliyyət göstərib. T.Alışov bir sıra elmi məqalələrin müəllifidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə icra etdiyi “Təhsil menecerlərinin peşəkar inkişafı” üzrə keçirilən ilk müsabiqənin qaliblərindən biridir.