Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş “Kibertəhlükəsizlik” təlim layihəsinin üçüncü fazasının seçim prosesini başa çatdırıb. İmtahanların birinci mərhələsində suallar tapşırıq formasında tərtib olunub və tapşırıqlar namizədlər tərəfindən individual qaydada cavablandırılıb. İmtahanda iştirak edən namizədlərin cavabları ilə bağlı qiymətləndirməni aidiyyəti sahə üzrə peşəkarlar həyata keçirib. Tapşırıq suallarını düzgün cavablandırmış tələbələr növbəti mərhələ olaraq müsahibəyə dəvət olunublar.
“Kibertəhlükəsizlik” təlimlərinə qatılmaq məqsədilə ümumi olaraq 101 tələbə qeydiyyat üçün müraciət edib. Qeydiyyatdan keçən namizədlərdən 50 nəfəri imtahanda iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən 50 tələbədən 20 nəfəri isə müsahibədən uğurla keçib. Seçilən 20 tələbədən 10-u Bakı Ali Neft Məktəbi, 2-si Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 2-si Bakı Mühəndislik Universiteti, 1-i Azərbaycan Diplomatik Akademiyası, 4-ü Azərbaycan-Fransız Universiteti, 1-i isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında təhsil alır.
Qeyd edək ki, 20 nəfər tələbənin iştirak edəcəyi təlimlər 15 mart-9 aprel tarixlərində keçiriləcək.