Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə 3 mart 2021-ci il tarixində “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsinin “Sürücüsüz avtomobillər və təhsil-sənaye əməkdaşlığı” adlı tədbiri baş tutub.
Böyük Britaniyada “Oxbotica” şirkətində maşın öyrənməsi mühəndisi vəzifəsində çalışanTərlan Süleymanov vebinarda spiker qismində çıxış edib. Xatırladaq ki, Oksford Robototexnika İnstitutunda elmi araşdırmalarını davam etdirən spiker, eyni zamanda Azərbaycan Elm Assosiasiyasının həmtəsisçisidir və hal-hazırda Assosiasiyanın həmsədri olaraq da fəaliyyət göstərir.
Tədbir zamanı sənayedə mövcud texnoloji yeniliklərdən biri olan sürücüsüz avtomobillər, onların cəmiyyətə faydaları, yarada biləcəyi maneələr və işləmə prinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin, ali təhsil müəssisələrinin texnologiya transferi prosesində iştirak etməsi imkanları müzakirə olunub.
200-dən çox dinləyicinin iştirak etdiyi vebinarın sonunda təhsil və sənaye sahəsinin yenilikləri haqqında suallar cavablandırılıb.