“Korreksiyaedici pedaqoq” ixtisasına daxil olan modullar

Tarix: 05.03.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” texniki yardım layihəsi çərçivəsində hazırlanmış beşinci dərs vəsaiti “Korreksiyaedici pedaqoq” ixtisasına daxil olan 4 moduldan ibarətdir.

Vəsaitin ilk modulu “Diaqnostika işlərinin həyata keçirilməsi” adlanır. Bu modulu tamamlayan şəxs diaqnostika üçün düzgün alət və avadanlıqları müəyyən edərək sağlamlıq imkanları məhdud şəxslərin diaqnoz planının hazırlanması və həyata keçirilməsini bacaracaq. Burada əsas məqsəd xüsusi və inklüziv təhsil alanlara sağlamlıq imkanları məhdud şəxslərin diaqnostikasını planlaşdırmaq və müayinəsini keçirmək üçün baza bilikləri verməkdir. Modul 2 təlim nəticəsindən ibarətdir və hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarları təqdim olunub.

İkinci modul “Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi” adlanır. Bu modulda əsas məqsəd bundan ibarətdir ki, tələbə sağlamlıq imkanları məhdud şəxslərin inkişafı üçün kompleks korreksiya tədbirləri ilə bağlı tədqiqatlar vasitəsilə korreksiya pedaqogikasında təkmilləşdirmə aparmağı bacarsın. Sözügedən modulda da 2 təlim nəticəsi açıqlanıb.

İxtisas üzrə növbəti modul “Korreksiya işlərinin həyata keçirilməsi”dir. Qüsurun korreksiyası və kompensasiyasının əsas ideyası sağlamlıq imkanları məhdud şəxslərin ictimai faydalı əməyə hazırlanaraq öz həyatlarını təmin etməsidir. Modul korreksiya pedaqoqu ixtisasına uyğun gələcək müəllimlərin peşəkar səriştələrinin inkişafını təmin etmək məqsədilə hazırlanıb. Bu modulda 2 təlim nəticəsi və hər bir nəticənin qiymətləndirmə meyarı əks olunub.

Dərs vəsaitinin sonuncu modulu “İnklüziv təhsilə cəlb olunan şəxslərlə işin aparılması” adlanır. Modul inklüziv təhsilə cəlb olunan şəxslərlə aparılan işlərin məzmununun müəyyən edilməsi, sosial-psixoloji dəstəyin verilməsi və təlim-tərbiyə işlərinin müəyyən meyarlar əsasında qiymətləndirilməsi üçün bilik və bacarıqların aşılanmasını özündə cəmləşdirir. 2 təlim nəticəsi və onların qiymətləndirmə meyarları modulda öz əksini tapıb.

Modullarla daha ətraflı tanış olmaq üçün: https://www.arti.edu.az/az/books/1-nashrlar