Azərbaycan Respublikasının Təhsil İnstitutu 18 mart 2021-ci il tarixində “İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?” adlı vebinar keçirib. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutub.
Vebinarda spiker qismində “Allsee Technologies” MMC-nin təsisçisi və icraçı direktoru Dr. Baoli Zhao çıxış edib.
Ali təhsilin iqtisadi inkişafda sahibkarlara göstərdiyi dəstək barədə məlumat verən spiker qısa və uzunmüddətli iqtisadi artıma təsir edən amilləri vurğulayıb. Bu amillər sırasında fərdlərin individual xərcləri, dövlətin ayırdığı vəsaitlər, investisiyalar, xalis ixrac həcmi qeyd olunub. Dr. Baoli Zhao innovasiyalar ve məhsuldarlıq, əmək bölgüsü, bazarın həcmi, iqtisadi inkişaf kimi faktorların sahibkarlıqda mühüm rol oynadığını bildirib.
Tədbir zamanı sahibkarlığın növləri haqqında da ətraflı məlumat verilib. Belə ki, innovativ və arbitraj sahibkarlıq haqqında danışan spiker dünya şöhrətli markaların təcrübələrini bölüşüb. Gələcək sahibkarlara uğur qazanmaq üçün sistemli şəkildə məlumatlı olmaları və praktik biliklər əldə etmələri tövsiyə olunub. Artıq təcrübəsi olan sahibkarların isə mövcud hədəf kütləsinin hesabına məhsuldarlığı artırdığı və davamlı bilik mübadiləsi etdiyi deyilib.
İnnovativ sahibkar olmağın yolları haqqında ətraflı məlumat verən spiker sonda iştirakçıların suallarını cavablandırıb. Qeyd edək ki, vebinarda 100-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbə iştirak edib.