VI Qafqaz Riyaziyyat Olimpiadasının qalibləri mükafatlandırılıb

Tarix: 20.03.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu 19 mart 2021-ci il tarixində Rusiya Federasiyasının Maykop şəhərində keçirilən VI Qafqaz Riyaziyyat Olimpiadasının qaliblərini mükafatlandırıb. Olimpiadada uğurla çıxış edən məktəblilərimizin mükafatlandırıldığı tədbirdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, İnstitutun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov, şöbənin əməkdaşları Qorxmaz Mustafayev və Nigar Həsənova iştirak edib. Rüfət Əzizov mükafatçıları təbrik edərək onlara gələcək işlərində uğurlu olmaq üçün biliyin tətbiqinin mühümlüyünü bildirib. O, həmçinin günümüzün və gələcəyin aktual sahələri olan alternativ enerji, süni intellekt və kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssis olmaq istəyən məktəblilərə bir sıra tövsiyələr verib. 

Qeyd edək ki, 12-17 mart 2021-ci il tarixlərində baş tutan VI Qafqaz Riyaziyyat Olimpiadasında ölkəmizi aşağı və yuxarı yaş qrupları üzrə 2 müxtəlif liqada 8 nəfərdən ibarət komanda təmsil edib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 qızıl, 3 gümüş və 1 bürünc medal olmaqla, ümumilikdə 7 medal və 1 “Həvəsləndirici sertifikat” qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov, həmin liseyin X sinif şagirdi Toğrul Abbasov qızıl, sözügedən liseyin X sinif şagirdi Muhammed Nuriyev, Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseyin X sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Amin Cəfərzadə bürünc medala və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Fidan Cəfərli isə “Həvəsləndirici sertifikat”a layiq görülüb.