Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun Sinqapurun təhsil şirkəti və nəşriyyat evi ilə uzunmüddətli əməkdaşlığı davam edir.

Tarix: 25.03.2021
Paylaş:

Riyaziyyat və Təbiət elmləri üzrə TIMSS – Beynəlxalq Qiymətləndirmə Proqramının və PISA – Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələrinə əsasən Sinqapurdan olan şagirdlər həmin fənlərdən yüksək nəticələr göstərib. Bunu nəzərə alaraq Azərbaycanda da sözügedən sahədə uğurlu nəticələrin əldə edilməsi üçün Sinqapurla birgə effektiv fəaliyyətin icrası nəzərdə tutulub. Şagirdlərin aldıqları bilikləri yalnız nəzəri səviyyədə deyil, həm də praktiki cəhətdən istifadə edə bilməsi üçün beynəlxalq təcrübənin nəzərə alınması zəruridir.

Sinqapurun təhsil şirkəti ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində Riyaziyyat fənni üzrə təhsil proqramının və  dərsliklərin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Belə ki, Sinqapurun Marşel Kavendiş İnstitutu ilə birlikdə təhsil proqramının və V – IX siniflər üçün dərslik komplektlərinin təkmilləşdirilməsi prosesinə başlanılıb. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ölkənin müxtəlif bölgələrindən olan fənn müəllimləri və kurikulum mütəxəssislərinin iştirakı ilə 4 fokus qrup müzakirəsi keçirilib. Müzakirələrin mövzusu hal-hazırda istifadə edilən təhsil proqramının və onun əsasında hazırlanmış dərslik komplektlərinin tədris prosesində tətbiqindən ibarət olub.

Sinqapurun Alston nəşriyyat evi ilə birgə həyata keçirilən layihənin ilkin mərhələsində Təbiət elmləri üzrə dərsliklərin təkmilləşdirilməsi məqsədilə fəaliyyət göstərilir. Bunun üçün ibtidai təhsil səviyyəsində cari vəziyyət – kurikulum, təlim və tədris materialları təhlil olunub və müvafiq tövsiyələrə əsasən yenilənir. 2021-ci ilin fevral ayından etibarən V sinif Təbiət fənni üzrə dərslik konsepsiyası, dərslik, metodik vəsait və iş dəftərinin hazırlanması prosesi həyata keçirilir. Alston nəşriyyat evi tərəfindən Təbiət fənni üzrə təhsil proqramının  və dərslik komplektlərinin hazırlanması məqsədilə indiyədək 5 distant təlim keçirilib.