Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” texniki yardım layihəsi çərçivəsində hazırlanan və 4 moduldan ibarət olan altıncı dərs vəsaiti “Məktəbəqədər təhsildə korreksiyaedici təlim” adlanır.
“Diaqnostik işlərin həyata keçirilməsi” adlanan birinci modulda sağlamlıq imkanları məhdud uşaqlarla iş mexanizmi öyrənilir. Bu modulu tamamlayan hər bir tələbə sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların müxtəlif kateqoriyalarını diaqnostika etməyi, psixofiziki probleminin forma və ağırlıq dərəcəsini müəyyən etməyi bacaracaq. Modul 2 təlim nəticəsindən və onların verilən qiymətləndirmə meyarlarından ibarətdir.
İkinci modul “Diaqnostika işlərinin həyata keçirilməsi üçün blanklar” adlanır. Burada uşağın nitq və dil bacarıqlarının qiymətləndirmə cədvəli, diaqnostik material (erkən məktəbəqədər yaşlı Daun sindromlu uşaqların diaqnostikası üçün), məktəbəqədər yaşlı Daun sindromlu uşağın psixoloji-pedaqoji diaqnostikası üçün blanklar verilib.
“Korreksiya işlərinin həyata keçirilməsi” adlı üçüncü modul məktəbəqədər təhsildə korreksiyaedici pedaqoq ixtisasına yiyələnən gələcək mütəxəssislərin peşəkar fəaliyyəti üçün zəruri səriştələrin qazandırılması məqsədilə hazırlanıb. Burada hər bir kateqoriyadan olan sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqlarla aparılacaq korreksiya işi planlaşdırılarkən hansı terapiyaların və üsulların istifadə ediləcəyi aydın şəkildə əks etdirilib. Modulda 3 təlim nəticəsi və hər birinin qiymətləndirmə meyarları açıqlanıb.
Dördüncü modul olan “İnkluziv təhsilə cəlb olunan uşaqlarla işin aparılması”nda inklüziv təhsilə cəlb olunan məktəbəqədər yaşlı uşaqlarla işləmək məqsəd olaraq qarşıya qoyulub. 2 təlim nəticəsindən ibarət olan bu modul həm uşaqlarla aparılan işlərin məzmununun müəyyən olunmasını, həm də onlara sosial-psixoloji dəstək verilməsini özündə cəmləşdirir.
Modullarla daha ətraflı tanış olmaq üçün: https://www.arti.edu.az/az/books/1-nashrlar