“Təhsil hamı üçün” adlı onlayn təlim keçirilib

Tarix: 07.04.2021
Paylaş:

7 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Təhsil hamı üçün” adlı onlayn təlim keçirilib. Təlim UNESCO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və  hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması məqsədilə keçirilib.

Təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı, Azərbaycan Respublikası Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları, şəhər və rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin pedaqoji heyəti olmaqla 50-ə yaxın nümayəndə iştirak edib.

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva təlimdə spiker qismində çıxış edib. Ü.Babayeva təlim iştirakçılarını və spikerləri salamladıqdan sonra Covid-19 pandemiyası səbəbilə tətbiq edilən distant təhsil və onun təşkili, bu istiqamətdə Təhsil İnstitutunun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. Tədbir iştirakçılarının distant, əyani və hibrid model təhsil haqqında fikirlərini bildirməsi üçün sorğu keçirən Ü.Babayeva pandemiya ilə bağlı müxtəlif beynəlxalq təşkilatların keçirdiyi tədqiqatlar və həmin tədqiqatların nəticələrinə əsasən ictimaiyyətə təqdim olunan tövsiyələrin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, İnstitutun UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə həyata keçirdiyi “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi” adlı layihə və layihənin mövcud vəziyyətdə təhsilin təşkilinə verdiyi dəstək qeyd olunub.