Dərsdə az danışmağa çalışın

Tarix: 15.04.2021
Paylaş:

Şagirdlər bəzən dərsdə yeni məzmunu qavramayanda biz əlavə vaxt sərf edərək bunu onlara daha sadə şəkildə uzun-uzadı izah etməyə çalışırıq. Lakin adətən müəllimin çox danışmağı heç də məsələnin həllinə aydınlıq gətirmir. Müəllimin izahını təlimin əsas aləti kimi qəbul edərək biz şagirdlərə müəllimin informasiya mənbəyi, onların isə məlumat istehlakçısı olduğunu öyrədirik. Lakin informasiya cəmiyyəti dövründə müəllim yeganə və “əsl məlumat” mənbəyi ola bilməz və olmamalıdır.

Təlim zamanı diqqəti müəllimdən şagirdə hansı yolla keçirə bilərik?

Şagirdlərin müəllimdən asılılığını necə aradan qaldırmaq, onları biri-birindən öyrənməyə və yaxud dəstək almağa necə yönəltmək, onların rollarını necə dəyişmək olar?

Şagirdlərin ilk uğursuzluqlarında tez yerinizdən qalxıb onlara uzun-uzadı izahat və ya işarə verməkdənsə, onlara müstəqil idrak fəaliyyətinin stimullaşdırılması üçün alətlər və vaxt təqdim edin. Onda siz şagirdlərlə daha fəal işləmək və özünüzün isə daha az danışmaq istiqamətində ilk addımı atmış olacaqsınız.

Problemin qoyluşundan başlayın

Müəyyən vərdişlər qazanmaq, yaxud öyrənilən prosesləri, hadisələri dərk etmək üçün idraki problemin qoyuluşu həlledici rol oynayır.

Biz şagirdlərin sinifdə narahatlığını görəndə və ya onların hansısa faktları, qaydaları bilmədiyini müşahidə etdikdə, əlbəttə, tez problemi izah edə və təlim tapşırıqlarının həlli üçün lazım olan alqoritmi təqdim edə bilərik. Lakin çətinliklərin qarşısını bu cür aldıqda, problemi bu cür həll etdikdə siz ən vacib şeydən – idrak prossesinin bütün əziyyətlərindən məhrum olursunuz. Təhsilin ən təsirli forması olan dərindən anlamağa və dərketməyə aparan yol isə məhz budur.

Dərsin ssenarisini dəyişdirin və dərsi problemin qoyuluşundan başlayın

Sizin şagirdlərə dəstəyiniz onlara birbaşa işarə verməkdən yox, axtarışların istiqamətini göstərməkdən ibarət olmalıdır. Məsələn, riyaziyyatda açıq məsələ (konkret həyati vəziyyətlərin ifadəsi) ola bilər. Yaxud şagirdlərə bilərəkdən məntiqi səhvi olan məsələnin həllini təqdim edin, onlardan səhvi tapmağı və təhlil etməyi, bu səhvin yaranma səbəbini izah etməyi xahiş edin.  

Diskussiyaları, problem həllinin müxtəlif variantlarının nəzərdən keçirilməsini dəstəkləyin. İntellektual mübahisə yaradın. Qoy şagirdlər öz versiyalarını sübut etsinlər, əlavə dəlillər gətirsinlər. Onlara başqalarının rəylərinə hörmət etməyi öyrədin, başa salın ki, həqiqət mübahisə zamanı yaranır.

Müəllimin danışıq vaxtının azaldılması

Müəllimlərin əksəriyyəti şagirdlərin təlimində idrakı axtarışların müsbət təsirini yaxşı dərk edirlər.

Müəllimin mühazirəçi rolunu fasilitator roluna, şagirdlərin müstəqil idrak fəaliyyətinin təşkilatçısına çevirilməsinə kömək edən bir neçə sadə strategiyaları sizə təqdim edirik.

1. Dərsin gedişat müddətini diqqətdə saxlayın. Dərsdə danışmağınız 8-10 dəqiqədən çox olmamalıdır.

2. Yeni materialın öyrənilməsində çətinlik çəkə biləcək şagirdlər üçün ətraflı təlimatlar hazırlayın. Bu halda siz digər şagirdlər üçün “beyin həmləsi”, problemli təlim təşkil edən zaman çətinlik çəkənlər özləri üçün rahat olan tərzdə öyrənməyə davam edəcəklər.

3. Təlimin birinci mərhələsini iki dəqiqə ilə məhdudlaşdırın, qalan vaxtı isə şagirdlərin müstəqil idrak fəaliyyəti üçün ayırın. İşə fasilitator, məşqçi kimi başlayın. Səmərəli əks-əlaqə təşkil edin.

4. Şagirdlərin müstəqil işini müşahidə edin. Onlar müvəqqəti uğursuzluğa məruz qaldıqda, səhvlərə yol verdikdə öz versiyalarını yoxlamağa, yeni versiyalar irəli sürməyə imkan verin. Şagirdlərə müşahidəçi mövqeyində olduğunuzu nümayiş etdirin. Onlara işlərini dəyərləndirdiyinizi, “axtarış zəhmətinə” görə narahat olduğunuzu göstərin.

İzah etmək əvəzinə suallardan istifadə edin

Şagirdlər anlamaqda müəyyən çətinliklər çəkdikdə ilk köməyimiz sövqi-təbii olaraq onlara aydın və təfərrüatlı izah vermək olmamalıdır. Bunun əvəzinə idrak prosesini aktivləşdirmək üçün sualları və təlim tapşırıqlarını müxtəlif variantlarda təqdim edin.

Bütün sinfə və yaxud kiçik bir qrupa göstərə biləcəyiniz sualların siyahısını hazırlayın. Sizin hətta sadə müraciətlə verdiyiniz suallar şagirdlərin daha dərindən öyrənməsinə kömək edə bilər.

Müşahidə edin

Vaxtınızın bir hissəsini şagirdləri müşahidə etməyə sərf edin. Onlara çətin tapşırıq verin. Onların iş prosesini izləyin. Belə müşahidə növbəti addımlarınızı planlaşdırmaq üçün məlumatların yığılmasına kömək edir. Müşahidələrinizdən aşağıdakı suallara cavab tapmaq üçün istifadə edin:

Şagirdlərin adlarından və müşahidə etdiyiniz konkret davranış tiplərindən ibarət qeydiyyat siyahısı hazırlayın (məsələn: passivlik, həvəs, yalançı fəaliyyət, əməkdaşlıq və s.).

Dərsin gedişatı zamanı hər şagirddə nəyi gördüyünüzü qeyd edin. Bu məlumatları digər interaktiv dərslərin planlaşdırmasında da istifadə edin. Müəyyən davranış tiplərinə diqqət yetirin, məsələn: “Problemin həllində öz variantının üstündə qətiyyətlə durur” və yaxud “Müxtəlif variantları sınayır”.

“Müəllimsiz öyrənmə”  variantlarını təmin edin

Şübhəsiz ki, müstəqil idrak fəaliyyəti təlimin mühüm hissəsidir, lakin şagirdlər bəzən müstəqil işdən çox tez yayınırlar, bizdən dəstək istəyirlər.

Yəni şagirdlər müəllimdən asılı olduqlarını nümayiş etdirirlər.

Bunun əvəzinə sinifdə elə bir mədəniyyət yaradın ki, şagirdlər müəllimə müraciət etməzdən əvvəl sinif yoldaşlarından soruşsunlar, alternativ mənbələr axtarsınlar. Müəllimsiz işin bəzi variantlarını sınayın.

Beləliklə, nitqinizi qısaltmaqla, izahlar əvəzinə suallar verməklə, şagirdləri müşahidə və onlar arasında əməkdaşlığı təmin etməklə onları müstəqil öyrənməyə təşviq  edirsiniz. Belə məqsədyönlü iş şagirdlərinizi ən çətin idrak məsələlərini müstəqil həll etməyə istiqamətləndirəcək.

Materialın rus dilində orijinalını aşağıdakı linkə keçid edərək oxuya bilərsiniz:

http://didaktor.ru/govorite-menshe-na-urokax/#more-8800

Materialı hazırladı: TİPİM-in əməkdaşı Azad Əhmədov