Hansı müəllim pedaqoji bacarıqların sirlərini öyrənmək istəməz? Dərsləri təəccüb və heyranlıq doğuran müəllimlər, görəsən, hansı xüsusi bacarıq sahibidirlər?
Psixologiya elmləri namizədi Marina Rozen (Udovenko) professor A.K.Dusavitskinin rəhbərliyi ilə 10 il müəllimlərin fəaliyyətini öyrənmiş, arxa partadan onların dərslərini izləmişdir.
“Aysberq”-in görünən tərəfi və 80% “görünməyən” əmək
Təsəvvürünüzdə belə bir səhnə canlandırın: 4-cü sinfin ortası, müəllim ən azı dərsin yarısını dinməzcə kənarda durub, uşaqlar isə hər şeyi özləri sərbəst edirlər. Tənəffüsdən sonra uşaqlar cəld toparlanır, dərsə başlamağa hazırlaşırlar, keçdikləri materialı yada salır, ötən dərsdə özlərinin qoyduğu məsələni əlavə köməyə (lüğət, məlumat kitabçası, müəllim) ehtiyac hiss edənədək həll edirlər. Bununla yanaşı, 9 yaşlı uşaqlar tolerant dialoq nümayiş etdirərək müstəqil, mənalı diskussiya aparırlar. Sizin praktikanızda belə şey ola bilərmi? Cavab aydındır. Əgər öz şagirdlərində öyrənmə müstəqilliyi formalaşdıran uğurlu müəllim modeli varsa, deməli, bu təcrübəni götürüb bir az dəyişdirməklə arzu edilən vərdişi şəxsi davranışda qurmaq olar.
Peşəkar müəllimin işini aysberqlə müqayisə etmək olar. Dərsdə etdikləri aysberqin görünən hissəsidir, bütün səylərin cəmi 20%-i. İşin 80%-i isə ilk baxışda görünmür. Bunlar dərsə hazırlıq, konspektlərin yazılması, seminarlarda iştirak, mütaliə və sairədir. Lakin bir çox müəllim bunu edir. Gəlin bu məqalədə həmin müəllimin dörd il müddətində hamıdan fərqli nə etdiyini aydınlaşdıraq və bunun onda necə alındığını öyrənək.
İlk baxışda hər şey kifayət qədər sadə görünür. Bacarıqlı müəllim əmindir ki, müstəqil öyrənməyə alışdırmaq üçün birinci sinifdən başlayaraq dərsin bir hissəsini uşaqlara həvalə etmək lazımdır. O, inadkarlıq və əzmkarlıqla öz işini belə də davam etdirir. Gəlin, bu yolun əsas mərhələlərinə diqqətlə nəzər salaq.
Şagirdin diqtəsi altında…
Məsələn, müəllim uşaqların özlərinə “Sürüşkən yol” adlı mətn əsasında imla yazmağı tapşırır. Bir gün qabaq müəllim uşaqlara imla üçün “sözün kökündə samit səslərin fərqli tələffüzü”nə aid 11 söz hazırlamağı tapşırır. Eyni zamanda mətndə “tələ”lər müəyyənləşdirir (samitlərin şəkilçidə fərqli tələffüzü, sözün kökündəki sait səslərin fərqli tələffüzü, səsdüşümü və s.) Sonra müəllim onun vəzifəsini üzərinə götürəcək şagirdin kim olacağını siniflə razılaşdırır.
Ertəsi gün seçilmiş şagird müəllimə yaxınlaşaraq öz imlasını göstərir. Müəllim təklif edilən sözləri onunla təhlil edir, lazımdırsa, birlikdə sözlərin yerini dəyişirlər, seçilmiş şagirdin imla yazı işini necə keçirəcəyi, necə yoxlayacağı, ona köməyin lazım olub-olmayacağını (o, bir, yoxsa iki nəfəri lövhədə həmin sözləri yazmağa çağırsın, bəlkə özü dərsdən əvvəl onları lövhədə yazsın və s.) müzakirə edirlər. İmla vaxtı çatanda şagird sinfin qarşısında dayanır (bu halda müəllim kənara çəkilir) və müəllim kimi imla yazı işini aparmağa başlayır: “İndi imlamıza başlayırıq. “Sürüşkən yol”. Hazırsınız? Birinci söz…” Uşaqlar yazır və özləri yoxlayırlar. Əlbəttə, birinci il müəllim öz hərəkətlərini ətraflı izah edərək, demək olar ki, bütün imlaları özü yazdırır. Uşaqlar bu prosesi praktiki olaraq hər gün görürlər. Vaxt çatır, müəllim şagirdlərə öz müstəqil fəaliyyətləri üçün real şərait yaradır. Əvvəlki dərslərdə müəllimin köməyi çox olur, tədricən onun iştirakı minimuma enir. Zaman keçdikcə, tədricən hər dərsin 10 dəqiqəsi şagirdlərin müstəqil fəaliyyətinə ayrılır.
Ev tapşırıqlarının yoxlanılması: hamıda belədirmi?
Öyrənmə müstəqilliyinin formalaşdırılması istiqamətində növbəti addım ev tapşırığının yoxlanılması prosesinin xüsusi təşkilidir. Müəllim dərsin əvvəlində uşaqlardan ev tapşırığı ilə əlaqədar yaranan sualları lövhədə yazmağı xahiş edir. Siniflə razılaşdırılmışdır ki, əgər lövhə təmizdirsə, deməli, ev tapşırığına aid suallar yoxdur və heç nə təhlil edilməyəcək. Əvvəlcə 4-6 uşaq lövhədə nəsə yazır, sonra yavaş-yavaş başqaları da cəlb olunur. Onlar nə edirlər? Tənəffüs zamanı ev tapşırıqları ilə sinfi gəzirlər, cavabları tutuşdururlar – görəsən, hamıda eynidirmi? Sual varmı? Cavabların bütün variantlarını, sualları və fərqli fikirləri lövhənin sol tərəfinə yazırlar. Əgər məsələni iki üsulla həll etmək yolu varsa, onda lövhədə hər iki variant yazılır. Hər variantın altında müəllifin adı qeyd edilir. Beləliklə, müəllim sinfə daxil olanda artıq bilir ki, nə etməlidir. O dəqiqə dialoq başlayır – bu vaxt məsələni həll edənə müraciət etmək, ondan tapşırığı hansı yollarla həll etdiyinin izahını soruşmaq olar və s. Əgər lövhə yazısızdırsa, sual yoxdursa, onda növbəti mərhələyə keçmək olar.
Nəticələrin çıxarılması: kim-kimi tərifləmək istəyir?
Bir müddətdən sonra (2-ci sinifdən başlayaraq) dərsə yekun vurmaq da uşaqlara həvalə olunur. Buna görə müəllim 1-ci sinifdən etibarən hər dərsi yekunlaşdırır, həm də bunu həmişə eyni alqoritmlə edir. Vaxt keçdikcə uşaqlar bilirlər ki, yekun emosional (dərs xoşa gəldi, yoxsa xoşa gəlmədi, bu materialı öyrənmək onlara rahat idi, yoxsa yox, çətin idi, yoxsa asan, kimsə kimisə tərifləmək istəyirmi? və s.), məzmuna aid (nə ilə gəldik, yeni nə oldu, nəyi dəqiqləşdirdik, nə ilə gedirik) və proqnoz xarakterli (sonra nə edəcəyik, hansı yeni tapşırıq olacaq, hansı istiqamətə gedirik, gələn dərsdə nə edəcəyik və s.) ola bilər. Müəllim ciddi şəkildə bu məntiqlə işləyir və uşaqlar yavaş-yavaş bunu qəbul edirlər. Sonra müəllim (hələ 1-ci sinifdə) kimin sərbəst şəkildə dərsə yekun vurmaq istədiyini soruşur və tədricən bu funksiyanı tamamilə uşaqlara ötürür. Öz işinin ustası olan müəllim əmindir ki, əgər dərsə yekun vurulmursa, deməli, tədris materialının mənimsənilməsinin və öyrənmə müstəqilliyinin formalaşdırılmasının 80%-i hədər getmişdir. Qeyd etmək lazımdır ki, bütün dərs boyu uşaqlar tərəfindən doldurulan yazı taxtası yekunlaşdırma prosesində əhəmiyyətli rol oynayır. Müəllim ilk gündən uşaqlara başa salır ki (Bunu ilk vaxtlar özü edir), lövhənin sol tərəfi “Biz nə ilə gəlmişik?” (məsələn, ev tapşırığı ilə bağlı suallar), orta hissəsi dərs vaxtı baş verənlərin qeyd edilməsi, sağ tərəfi isə “Biz dərsdən nə ilə gedirik?” üçündür. Birincilər dərsin proqnoz hissəsinə çox tez alışırlar və “Bəs sonra?” kimi suallar verirlər. Bu, uşaqların tapşırığı dərk etdiklərini və onu həll etməyə hazır olduqlarını təsdiq edən çox yaxşı əlamətdir. Bununla yanaşı, uşaqların refleksiyaya alışması da məhz belə baş verir.
Müəllimin əvəzinə dərsin bir fraqmentinin keçirilməsi
Müəllim 3-cü sinifdən başlayaraq uşaqlara qruplarda dərsin planını tərtib etməyi və onun hər bir hissəsinə aid tapşırıq seçməyi tapşırır. Bu proses mərhələli baş verir. Əvvəlcə uşaqlar ancaq dərsin planını tərtib edirlər, müəllim isə tapşırıqları seçərək dərsi keçir. Sonra uşaqlar dərsin planını tərtib edib, həm də tapşırığı hazırlayırlar, müəllim isə dərsi keçir. 4-cü sinfin sonunda isə uşaqlar artıq planı da tərtib edirlər, plana uyğun tapşırıqlar da hazırlayırlar, dərsi də özləri aparırlar. Birinci sinifdən başlayaraq tapşırıqları düzgün seçib-hazırlamaq üçün müəllim şagirdlərə düşündürücü suallar verir: “Nə üçün mən bu cür sual seçdim?”, ”Bu tapşırıqda faydalı nə var idi?” və s. Sonralar uşaqlar özləri tapşırıqlar seçərkən bir-birinə analoji suallar verirlər: “Hansı məqsədlə bu tapşırığı seçdin?”, “Bu tapşırıqla sən nəyi yoxlamaq istəyirdin?”. Sistemli şəkildə aparılan işin nəticəsində artıq təhsilin 4-cü ilində uşaqlar tapşırığın yerinə yetirilməsi ardıcıllığını mənimsəyirlər. Bu isə o deməkdir ki, uşaqlar müəllimin əsas məqsədini – öyrənmə müstəqilliyinin formalaşmasını qəbul ediblər. Zaman keçdikcə, müəllimin bütün funksiyaları uşaqlara ötürülür. Müəllim yalnız dərs rejiminə riayət olunmasına nəzarət edir.
Özünüyoxlama zamanı
3-cü sinfin ikinci yarısından uşaqlar özləri yoxlama işi təşkil edir, ona hazırlaşır və keçirirlər. Belə dərsləri müxtəlif üsullardan istifadə etməklə təşkil etmək olar (bu haqda ətraflı məlumat: (rus dilində) Урок в развивающем обучении: Книга для учителя – /А.К.Дусавицкий, Е.М.Кондратюк, И.Н.Толмачева, З.И.Шилкунова. – М.: Вита-Пресс, 2008. – 288 с). Bölmənin bitməsinə 5-6 dərs qalmış uşaqlar qruplarda qarşıdakı yoxlama işinin planını hazırlayırlar. Sonra qrupların planları frontal təhlil olunur, dəqiqləşdirmələr aparılır, əlavələr edilir. Beləliklə, yoxlama işinin ümumi planı yaranır. Elə həmin qruplarda şagirdlər evdə hansı tipli tapşırıqları kimin hazırlayacağı barədə razılaşırlar. Uşaqlar evdə tərtib edilmiş tapşırıqları yerinə yetirirlər, onların şərtlərinin hər birini ayrıca albom vərəqinə qeyd edirlər. Növbəti dərsdə elə həmin qruplarda şagirdlər öz tapşırıqlarını təqdim edir, əsaslandırır və tipinə görə ayırır (məsələn, nəzəri suallar, məsələlər, çaşdırıcı tapşırıqlar və b.), onların hansı ardıcıllıqla düzülməsini həll edir və niyə məhz belə yerləşdirdiklərini əsaslandırırlar. Dərsin sonunda uşaqlar kiçik bir iş – proqnoz hazırlayırlar, öz dəftərlərində tapşırığın hər tipinin qarşısında bunun öhdəsindən gəlib-gəlməyəcəyi barədə qeydlər aparırlar. Məsələn, “Əminəm ki, hazıram”, “Məncə, hazıram”, “Bir az məşq etməliyəm”. Dərsin sonunda hər qrup öz yoxlama tapşırıqları olan qovluğu və proqnoz qeyd edilmiş dəftərləri müəllimə təhvil verir. Növbəti dərsdə müəllim şagirdlərin çətin hesab etdiyi tapşırıq tiplərini ayırır, onların üzərində yenidən işləyir, sonra uşaqlarla yoxlama işinin aparılma vaxtını razılaşdırır. Bir neçə gün ərzində şagirdlər evdə işləmək üçün öz çətinlikləri və imkanlarına uyğun tapşırıqlar seçirlər.
1-ci sinfə səyahət
4-cü sinfin sonuna yaxın şagirdlərdə birincilərin yanına gedib, onlara dərs demək ideyası əmələ gələ bilər (Əhəmiyyətlidir ki, bu istək uşaqlardan gəlsin, müəllim isə onları buna istiqamətləndirib, yaranmış istəklərini dəstəkləməlidir). Uşaqlar buna dəqiqliklə hazırlaşırlar: planı tərtib edir, konkret məzmunu (tapşırıqlarları) yazırlar, zənginləşdirirlər, ona müəllimin köməkliyilə düzəlişlər edir, özləri bütün dərsi (yaxud onun bir hissəsini) aparır, sonra isə siniflərinə qayıdıb görülən işi analiz edirlər. Bu, kifayət qədər uzunmüddətli layihədir, lakin uşaqlarda öyrənmə müstəqilliyinin formalaşmasında çox mühüm amildir.
“Sonra nə edəcəyik?”
4-cü sinfin sonunda müəllim gələn ilin proqnozuna vaxt ayırır. Biz 5-6-cı siniflərdə nə edəcəyik? Uşaqlar qruplarda tədqiqat xəritəsi, hər fənn üçün iş planı tərtib edir, cədvəldə əmələ gələcək yeni fənlərlə əlaqədar proqnoz hazırlayırlar. Beləliklə, onlar müstəqil şəkildə öz tədris planlarını qurur, yeni maraqlı suallar müəyyən edir, orta təhsil mərhələsinə keçidlə bağlı həyəcanı aradan götürürlər.
Yaxşı müəllim bütün imkanlardan istifadə edər ki, uşaqlar təlimin çox hissəsini müstəqil olsunlar. Buna görə o, dərsi mərhələ-mərhələ şagirdlərin öhdəsinə verir. Beləcə, uşaqlar tədricən müstəqil dərs aparmağa alışırlar.
Mənbə: Розен Марина. Учебная самостоятельность: секреты развития
http://ps.1sep.ru/article.php?ID=201401028
Hazırladı: TİPİM-in əməkdaşı Rəna Şiriyeva