Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Dr. Könül Abaslının bölmə müəllifi olduğu kitab nəşr olunub

Tarix: 15.04.2021
Paylaş:

Azərbaycan Respublikası Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Dr. Könül Abaslının bölmə müəllifi olduğu “Türkiye’de Yükseköğretimin Panoraması” adlı kitab “Nobel Akademik Yayıncılık” nəşriyyat evi tərəfindən nəşr olunub. Könül Abaslı tərəfindən hazırlanan bölmədə “Yükseköğretimin Göç Politikaları” (Ali təhsildə miqrasiya siyasəti) haqqında məlumatlar öz əksini tapıb və miqrasiyanın ali təhsil sistemi üzərindəki iqtisadi və sosial-mədəni təsirləri təhlil edilib.

İnkişaf etmiş ölkələrdə tətbiq olunan təhsil siyasətinin Türkiyədəki ali təhsil sisteminə tətbiq edilməsinin nə dərəcədə uğurlu olması barədə fikirləri əks etdirən kitabda – “Türkiyədə ali təhsil nədir?”, “Əsas istiqamətlər hansılardır?” və “Ali təhsil sistemi nə dərəcədə tanınır?” kimi suallara cavab verilib. Kitab, həmçinin aşağıda qeyd olunan məsələlərə öz töhfəsini verə bilər:

• Ali təhsil sisteminin təkmilləşdirilməsi üçün ixtisas üzrə elmi tədqiqatların artırılması

• Türkiyənin ali təhsil sisteminin ehtiyaclarını ödəmək üçün siyasətin hazırlanması

• Böyük sayda gənc əhalisi olan Türkiyənin gənc insan resurslarını daha effektiv və səmərəli şəkildə qiymətləndirə bilməsi

• Türkiyədəki ali təhsil sisteminə xidmət edən/edəcək elm adamlarının beyin axınının qarşısını almaq üçün ixtisas üzrə elmi araşdırma və siyasətin ərsəyə gəlməsi