Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edir. Belə ki, aprelin 19-dan başlayan qiymətləndirmənin pilot mərhələsi Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Tədqiqatın pilot mərhələsində Bakı üzrə 63 məktəbdən 3000 şagirdin iştirakı planlaşdırılıb.
Proses COVID-19 pandemiyasının tələblərindən irəli gələn gigiyenik normalara əməl olunaraq təşkil edilir. Tədqiqatın may ayının ortalarında yekunlaşacağı gözlənilir.
Tədqiqatın əsas mərhələsinin 2022-ci ilin aprel-may ayları ərzində təşkil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.