22 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı start götürüb. Konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər.
Təşkilat komitəsinin üzvləri Qoşqar Məhərrəmov və Cəfər Mənsimi konfrans iştirakçılarını salamlayaraq konfrans barədə məlumat veriblər. Bildirilib ki, təhsil idarəçiliyi mövzusunda ilk dəfə təşkil olunan konfrans Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutaraq bu sahədə qarşıda duran vəzifələri işıqlandırmaq məqsədi daşıyır.
Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev çıxış edib. Təhsil naziri çıxışında təhsil siyasəti və təhsil inzibatçılığında qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, Təhsil Nazirliyi olaraq hər bir vətəndaşı əlçatan, keyfiyyətli və bərabər imkanlı təhsil hüququ ilə təmin etmək əsas prioritetlərdəndir. Ölçülə bilən və müqayisə edilə bilən göstəricilərin təhsil idarəçiləri üçün daha effektiv imkanlar yaratması təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.
E. Əmrullayev qeyd edib ki, təhsilin idarə olunmasında məzmun, tədris və qiymətləndirmə kimi faktorlara xüsusi önəm verilməlidir. Vacib məsələlər sırasında məktəbəqədər, inklüziv və icmaəsaslı məktəbəqədər təhsilin inkişafı və genişləndirilməsi diqqətə çatdırılıb. Həmçinin, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında beynəlxalq qiymətləndirmələrin əhəmiyyətindən danışan Təhsil naziri PISA, PIRLS və TIMSS kimi tədqiqatlar çərçivəsində Azərbaycandan olan şagirdlərin nəticələrində müsbət dinamikanın nəzərə çarpdığını bildirib.
Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında məzmunun yenilənməsi, gənclərin rəqəmsal bacarıqlarının artırılması və beynəlxalq qiymətləndirmələrdə irəliləyişlərin əldə olunması kimi mövzuları əhatə edib. Tədrisdə məzmunun tərtibatı zamanı kritik düşüncə, ixtira, müzakirə və layihə əsaslı interaktiv dərslərin təşkili, fənlərarası inteqrasiya və müəllimlərin aidiyyəti üzrə ixtisaslarını artırması kimi vəzifələrin əsas götürüldüyünü qeyd edib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Prof. Dr. Cəfər Cəfərov, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Prof. Dr. Şahlar Əsgərov, Şərqi Karolina Universitetinin professoru Dr. Lewis Travis, Baltistan Skardu Universitetinin professoru Dr. Ashfaque Ahmad Shah, ADA Universitetinin prorektoru Dr. Vəfa Kazdal, Təhsil İnstitutunun şöbə müdiri Prof. Dr. Piralı Əliyev və digər spikerlər çıxış ediblər.
500-ə yaxın iştirakçının qatıldığı konfrans Azərbaycan Dövlət Pedaqoqji Universitetinin prorektoru Eldar Aslanovun moderatorluğu ilə “Təhsildə liderlik və idarəetmə”, professor Piralı Əliyevin moderatorluğu ilə isə “Təhsildə keyfiyyət” sessiyaları ilə davam edib.
Qeyd edək ki, konfransda seçilmiş məqalələr “Azərbaycan Məktəbi” jurnalının xüsusi buraxılışında çap ediləcək. Konfrans 25 aprel tarixinə qədər davam edəcək.
Onu da əlavə edək ki, konfransın ikinci günü 23 aprel saat 15:00-da başlayacaq və yerli və əcnəbi mütəxəssislər təhsil idarəçiliyində beynəlxalq təcrübələr, distant təhsilin idarə olunması və inklüziv təhsilin təşkili mövzularında müzakirələrlə çıxış edəcəklər.
Bu günün əsas çıxışçıları Türkiyənin təhsil idarəçiliyi üzrə tanınmış alimi, professor Hasan Şimşek, Cənubi Koreyanın İnha Universitetinin professoru Youngsoon Kim, Finlandiyadan təhsilin idarə olunması üzrə mütəxəssis Perri Lounaskorpi olacaq.