26-28 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) konfransı keçirilib.
Rəqəmsal platformada təşkil olunan “AIFORDIGIGOV” beynəlxalq konfransının əsas məqsədi rəqəmsal idarəetmə ilə bağlı Azərbaycanda süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə olan marağın artırılması, təşviq edilməsi, gələcək nəsillərə ixtisas seçimində mesajların ötürülməsidir.
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov konfransın birinci günündə süni intellekt və gələcək mövzusunda sessiyanın moderatoru olub. Sessiyada spiker qismində “Lütfi Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Rafiq Əliyev, Böyük Britaniyada “Oxbotica” şirkətində maşın öyrənməsi mühəndisi vəzifəsində çalışan Tərlan Süleymanov, Microsoft şirkətində biznes həlləri üzrə ekspert Tanya Iostman, Korea Startup Forumunun direktoru Josh Choi çıxış edib.
R.Əzizov sessiyanı açıq elan etdikdən sonra süni intellekt ilə bağlı icra olunan layihələrdəki təcrübəsi haqqında danışıb və mövzu üzrə müzakirələrə start verib. O, təhsil sahəsində süni intellekt dövrünə hazırlıq, məzmunda dəyişikliklər, tədris prosesində müəllimlərin və şagirdlərin tədqiqata və innovasiyaya cəlb olunması, insan resurslarının robotlarla əvəz edilməsi və s. haqqında çıxış edib.
Lütfi Zadə irsi, onun fəaliyyəti və yaradıcılığı haqqında məlumat verən Rafiq Əliyev hesablama aspektləri, süni intellektə bağlı proseslərin texniki tərəfləri və “Üstün zəka”ya aparan yollar barədə danışıb. Tərlan Süleymanov çıxışında sürücüsüz avtomobillər və onların təkmilləşdirilməsi ilə bağlı dünyada görülən işlər, Tanya Iostman Microsoft şirkətinin aiddiyyəti üzrə müxtəlif layihələri, həmin layihələrin tələbələr və şirkətlər üçün yaratdığı imkanlar, Josh Choi isə süni intellektin sosial problemlərin həllində rolu, həmçinin süni intellektdən istifadə zamanı sosial məsuliyyət kimi mövzulara toxunub.
Sessiyada iş dünyasının və təhsilin gələcəyi, innovasiya və süni intellektə hazırlığa çoxtərəfli yanaşma, süni intellektin tədqiqatı və inkişafı, sənaye və hökumət perspektivləri, dövlət və özəl sektor əməkdaşlığının rolu, süni intellekt sahibkarlığı və süni intellekti istifadə edən cəmiyyət üçün potensialın yaradılması, süni intellekt – “Üstün zəka”ya aparan yol, təhsilin transformasiyası və bir çox maraqlı tərəfin yanaşması mövzuları ətrafında müzakirələr aparılıb.
Süni intellekt üzrə Azərbaycanda ilk konfrans olan “AIFORDIGIGOV” PAŞA Holdinq, Azərbaycan Beynəlxalq Bankı, “BesComp” və bp şirkətlərinin maliyyə dəstəyi ilə reallaşdırılıb. Konfransda Azərbaycan, Türkiyə, Böyük Britaniya, Kanada, ABŞ, Estoniya, Koreya, Almaniya, Sinqapur, İtaliya və s. olmaqla, ümumilikdə 22 ölkədən 56 spiker çıxış edib. Tədbirdə iştirak üçün Azərbaycandan 1200-dən çox insan konfransın rəsmi veb səhifəsi üzərindən qeydiyyatdan keçib. Beynəlxalq tədbir, həmçinin Avropa Şurası Süni İntellekt üzrə Komitəyə üzv ölkələr tərəfindən böyük maraqla qarşılanıb.