Sinkveynin tətbiqi məqamları və nümunələr

Tarix: 29.04.2021
Paylaş:

SİNKVEYNİN TƏTBİQİ MƏQAMLARI VƏ NÜMUNƏLƏR

Sinkveyn.

Obrazlı, qısa.

Düşündürür, aydınlaşdırır, izah edir.

“Az söylə, söz söylə”.

Mühakimə.

Sinkveyn universal tədris metodudur. Onu müxtəlif fənn proqramlarının mövzularına tətbiq etmək olar. Bu metod şagirdləri maraqlandırmağa, öyrənilən materialı daha yaxşı anlamağa və mühakimə yürütməyə kömək edir.  Beşsətirlik şeir olan sinkveyni tərtib etmək asan olduğu üçün onun hər yaşda uşaqlarla təlim prosesində tətbiqi mümkündür.

Sinkveyn – məlum olan və ya yeni əldə edilmiş məlumatların analizi və sintezinin nəticəsi olan öyrədici şeirdir.

Təlim prosesində sinkveyndən müxtəlif məqsədlərlə istifadə olunur:

1. Dərsin giriş hissəsində şagirdləri yeni mövzu ilə tanış edərkən;

Şagirdlər təklif olunmuş mövzu üzrə təsəvvürlərini əks etdirən şeir tərtib edirlər. Bu, müəllimə şagirdlərin mövzu ilə tanışlıq dərəcəsini müəyyənləşdirməyə imkan verir. Sonra isə o, yeni məlumatlarla materialın daha doğru mənimsənilməsini  təmin edir.

2. Məlumatların müzakirəsi mərhələsində;

Bu mərhələdə sinkveyn tərtib etmək müəllimə şagirdlərin öyrənilən mövzunu necə anladıqlarını analiz etməyə imkan verir. Dərsi daha maraqlı edir, çünki sinkveyn  həm də əyləndirici metoddur.

3. Refleksiya mərhələsində;

Fikirlərin yığcam şəkildə obrazlı ifadəsi müəllimə şagirdlərin öyrənilən materialı mənimsəmə səviyyələrini müəyyənləşdirməyə imkan verir. Sinkveyn refleksiyanın sürətli və güclü alətidir.

4. Yazı işinin təşklilində;

Azərbaycan dili və ədəbiyyat dərslərində müəyyən bədii əsərin təhlili ilə bağlı esse və ya inşanın yazılmasında, hekayə quruculuğunda sinkveyndən plan kimi istifadə etmək olar.

5. Sinkveyndən bütün fənlərin öyrədilməsində istifadə etmək olar;

Sinkveynin tərtibi yaradıcı fəaliyyətdir və çox zaman humanitar fənlərin öyrənilməsində tətbiq edilir. Lakin təlim prosesini zənginləşdirmək, daha maraqlı və interaktiv etmək üçün texniki və təbiət fənlərində də bu metodu tətbiq etmək olar.

Məsələn, fizika dərsində “İşıq” mövzusu ilə tanışlıqdan sonra müəllim şagirdlərə sinkveyn tərtib etməyi təklif edir.

1. İşıq ismini yazın.

2. Sifətlərdən istifadə edərək iki sözlə necə olduğunu ifadə edin:

Necədir? Parlaq, isti.

3. Feillərdən istifadə edərək üç sözlə nə etdiyini ifadə edin:

 Nə edir? Yanır, parıldayır, aydınladır.

4. Mövzuya münasibətinizi ifadə edən 4 sözdən ibarət bir cümlə yazın:

İnsanların ona ehtiyacı var.

5. İsim olan bir sözlə ümumiləşdirin: Aydınlıq.

Həyat bilgisi dərsində şagirdlərə müxtəlif mövzularda sinkveyn yazdırmaq olar.

Yay.

İsti, şən.

Gəzmək, oynamaq, istirahət etmək.

Biz yayı həsrətlə gözləyirik.

Tətil.

Yaz.

İlıq, rəngarəng.

Çiçəklənir, yaşıllaşır, şənləndirir. 

Yazda təbiət yenidən oyanır.

Həyat!

Alma.

Şirin, dadlı.

Yeyirik, qidalanırıq, sağlam oluruq.

Alma geniş yayılmış meyvədir.

Vitamin.

Seçkilər.

Azad, demokratik

Həll edir, formalaşdırır, inkişaf etdirir.

Sənin seçimin – sənin həyatındır!

Hakimiyyət.

Ana.

Ağıllı, gözəl.

Sevir, öyrədir, qayğıya qalır.

Ana – bizi qoruyan mələkdir.

Məhəbbət.

Tətil.

Sevimli, qısa.

Gözlənilir, planlaşdırılır, doyulmur.

Niyə xoş olanlar uzunmüddətli deyil?

An.

Qeyd: Deyil hissəciyi qoşulduğu sözlə birlikdə cümlənin xəbəri olduğu üçün sinkveyndə söz sırasına daxil olmur.

Damcı.

Kiçik, girdə

Formalaşır, yayılır, damır.

Bir zərrədə külliyyat var.

Su.

Qeyd: Var sözü predikativ söz olaraq cümlənin müstəqil sadə ismi xəbəridir. Buna görə də cümlədə əsas söz kimi götürülmüşdür.

Biologiya fənni üzrə:

Orqanizm.

Birhüceyrəli, Çoxhüceyrəli.

Çoxalır, böyüyür, yaşayır.

Canlı olaraq ünsiyyətdə və fəaliyyətdədir.

Həyat!

Qeyd: “Və” köməkçi nitq hissəsi (bağlayıcı) olduğu üçün cümlədə əsas sözlər sırasına daxil deyil.

Yarpaq.

Yaşıl, canlı;  

Göyərir, yaşayır, yaşadır.

Yaşıllıq – həyatın dirilik simvoludur.

Əbədiyyət!

Ədəbiyyat fənni üzrə sinkveynlər:

“Qarğa və tülkü” əsərinin obrazlarının xarakterini açan sinkveynlər:

Qarğa.

Ağılsız, müştəbeh.

Dinləyir, inanır, qarıldayır.

Tərif qarğaya xoş gəlir.

Sadəlövhlük.

Tülkü.

Bic, fəndgir.

Yaltaqlanır, aldadır, qazanır.

Yaltaq istədiyini asanlıqla əldə edir.

Hiyləgərlik.

Azərbaycan dili fənni üzrə sinkveynlər

Nitq.

Ardıcıl, məntiqli.

Düşündürür, ümumiləşdirir, ifadə edir.

“Danış ki mən səni görüm”.

Mətn.

Yazı.

Maraqlı, heyrətamiz.

Təəccübləndirir, düşündürür, sevdirir.

Yazı – insanın özünüifadə vasitəsidir.

Yaradıcılıq.

Mənbə:

http://pedsovet.su/publ/42-1-0-5767  

http://muallim.edu.az/content/?category=arxiv&issue=27-2017&content_id=10

Hazırladı: TİPİM-in əməkdaşı Könül Nəhmətova