Qrammatik xətalar müəllifə münasibəti necə dəyişir?

Tarix: 07.05.2021
Paylaş:

Bu suala dəqiq cavab vermək üçün müxtəlif sosial qruplara, yaş kateqoriyalarına, peşə sahələrinə daxil olan adamlar arasında sorğu keçirmək lazımdır. Müxtəlif ölkələrin universitetləri tərəfindən belə tədqiqatlar aparılmışdır.

Tədqiqat 1. Şimali Karolina Universitetinin psixoloqları Ceyn Vinoviç və Lori Foster Tomson sorğu keçirmişdilər. Onlar şirkətə yenicə qəbul edilmiş, uydurulmuş  şəxs adından əməkdaşların ünvanına iki məktub hazırlamışdılar. Məktubun bir versiyasında heç bir səhvə yol verilməmiş, digərində isə kifayət qədər xətalar vardı. Şirkətin əməkdaşları bu iki məktuba necə münasibət göstərmişdilər?

Xətalı məktubu alan şəxslər “gələcək iş yoldaşlarını” görməsələr də, onun məsuliyyətsiz, intellektual inkişafının zəif olması qənaətinə gəlmişdirlər. Xətasız yazılmış məktubu alanlar isə bunun əksini söyləmişdilər.

Görünür ki, savadsız yazılmış bir məktub bizim işgüzar imicimizə əsaslı şəkildə zərbə vurur!

Tədqiqat 2. Miçiqan Universitetinin biznes-inzibatçılıq üzrə mütəxəssisi kredit üçün onlayn-ərizələrdə orfoqrafik xətaların müsbət cavaba necə təsir göstərdiyini araşdırmışdır. O aşkarlamışdır ki, qüsurlu ərizələrə daha az müsbət cavab verilir.

Böyük ehtimalla səbəb yenə həminkidir: İnsanlar şüuraltı olaraq inanırlar ki, savadlı yazan adamlar daha çox inkişaf etmişdir, həmçinin daha bacarıqlı və uğurludur, ödəməyə qabildir.

Tədqiqat 3.  Daha dərin araşdırmanı yenə də Miçiqan Universitetində iki linqvist professor – Culi Boland və Robin Kin aparmışdılar.

Onlar eyni şəhərdə yaşayan, bir-birlərini tanımayan və yaşlarına, təhsillərinə  görə  kəskin fərqlənən  ABŞ vətəndaşlarından bir oyunda iştirak etməyi xahiş etmişdirlər. İştirakçılara öz qonşuları üçün sorğu hazırlamağı və 12 qonşunu dəyərləndirməyi təklif etmişdilər. Hər bir məktubu oxuyan iştirakçı 12 “qonşusunu” intellekt, sülhsevərlik, tənbəllik və s. kimi müxtəlif göstəricilərlə dəyərləndirməli idi.

Həqiqətdə isə bu məktubların hər birindən üç versiya olmaqla tədqiqatçılar özləri hazırlamışdılar. Birinci versiyada xəta yox idi, ikincidə bir neçə texniki xəta vardı, üçüncü isə qrammatik səhvlərlə dolu idi. Belə alınmışdır ki, hər bir iştirakçı üç normal, üç texniki xətalı, üç savadsız məktub oxumuşdular.

Yad adamları iştirakçılar necə qiymətləndirmişdilər?

Bütün iştirakçılar daha çox qüsurlu məktub sahibini intellektual inkişafına görə aşağı qiymətləndirmişdilər. Savadsız məktubun müəllifləri iştirakçılarda nəinki təhsilsiz adam təsəvvürü yaratmış, hətta onların şəxsi keyfiyyətlərinə də ən aşağı bal yazılmışdır.

Kifayət qədər xoşagəlməz açıqlamadır, doğrudurmu? Lakin bu, yeganə açıqlama deyil.

Alimlər başqalarının məktublarına kəskin reaksiya verən iştirakçıların da hansı xüsusiyyətlərə malik olduqlarını açıqlamışdılar. Nəticə çox maraqlı idi.

Başqalarının xətalarına daha çox emosional münasibət bildirmişdilər:

Çox məsuliyyətli adamlar (özləri çalışır və başqalarından da bunu gözləyirlər). Onlar daha çox texniki xətalara diqqət vermişdilər.

Yeniliklərə açıqlıq səviyyəsi aşağı olanlar. Onlar da daha çox texniki xətalara diqqət vermişdilər.

Rahatlığa, sakitliyə üstünlük verənlər. Onlar texniki xətalardan çox, qrammatik xətaları sezmişdilər.

Və nəhayət, introvertlər. Onlar bütün növ xətaları görmüş və emosional münasibət göstərmişdilər.

Başqalarının xətalarına ən az əhəmiyyət verənlər ekstravertlər olmuşdur.

Başqalarının xətalarına reaksiya insanın şəxsiyyətindən asılıdır! (Culi Boland, psixolinqvist, koqnitiv psixoloq)

Biz bilmirik ki, oxucularımız arasında neçə nəfər introvert və məsuliyyətli insan var. Amma onlar qəti olaraq var. Buna görə də inamla demək olar ki, bizim xətalarımız auditoriyanın hansısa hissəsinin bizə inamını  azaldacaq.

Buna münasibət göstərməyi hər kəs özü seçir. Mən səhvsiz yazmağa çalışıram, bəs siz?

İrina Krasnikovanın “Qrammatik səhvlər müəllifə münasibəti necə dəyişir?” məqaləsindən xülasə

Hazırladı: TİPİM-in əməkdaşı Könül Nəhmətova