Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən PISA-2022 beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi həyata keçirilib. 19 aprel 2021-ci il tarixindən etibarən başlayan tədqiqat yekunlaşıb. Tədqiqatın pilot mərhələsində Bakı üzrə 63 məktəbdən 2800-dən çox şagird, 1100-dən çox müəllim və 63 məktəb direktoru iştirak edib. Proses COVID-19 pandemiyasının tələblərindən irəli gələn gigiyenik normalara əməl olunaraq təşkil edilib. Tədqiqatın əsas mərhələsinin 2022-ci ilin aprel-may ayları ərzində təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan sonuncu dəfə 2018-ci ildə PISA-da iştirak edib. Şagirdlərin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Tədqiqat 2018-ci ildən başlayaraq kompüter əsaslı həyata keçirilir.
Nəzərinizə çatdıraq ki, PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.