“Mühəndislik tədqiqatı innovasiyanın mühərriki kimi” adlı vebinar keçirilib

Tarix: 20.05.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu 19 may 2021-ci il tarixində “Mühəndislik tədqiqatı innovasiyanın mühərriki kimi” adlı vebinar keçirib. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutub.

Vebinarda spiker qismində Roma Sapienza Universitetində Elektrik, elektronika və nanotexnologiya mühəndisliyi üzrə doktorantura təhsili alan Orxan Kərimzadə çıxış edib. Karyerasını elmi-tədqiqat və akademik fəaliyyət üzrə davam etdirən Orxan Kərimzadə hal-hazırda günəş elektrik stansiyaları üçün inverter qurğularının layihələndirilməsi üzərində çalışır. O, Yaponiyanın “Hitachi” şirkətində qonaq tədqiqatçı olaraq çalışdığı zaman elektrik avtomobilləri üçün ultra sürətli şarjlama alətlərində çevirici qurğuları dizayn edib.

Spiker çıxışı zamanı mühəndislik tədqiqatı, innovasiya, tədqiqat layihələrinin maliyyələşdirilməsi, Cənubi Koreya təcrübəsi və Azərbaycanda mühəndislik tədqiqatlarının inkişafı üçün təkliflər haqqında məlumat verib. Mühəndislik tədqiqatının fundamental tədqiqatdan fərqli cəhətləri barədə danışan spiker mühəndislik tədqiqatlarının tətbiqi xarakter daşıdığını vurğulayıb. İnnovasiya və onun modelləri, həmin modellərin bir-birindən fərqli və üstün cəhətlərini qeyd etdikdən sonra tədqiqatların maliyyələşməsində Cənubi Koreya, Amerika Birləşmiş Ştatları, Almaniya və Birləşmiş Krallığı nümunə gətirib. Verilən məlumata görə bu dövlətlərdə tədqiqatların maliyyələşməsinin böyük hissəsi özəl sektor və sənayenin üzərinə düşür. Cənubi Koreyanın  dünyanın inkişaf etmiş ölkələrindən biri olmasının arxasında elmi tədqiqatlar və texnologiyalara ayrılmış yatırımların dayandığı bildirilib.

Orxan Kərimzadə Azərbaycanda mühəndislik tədqiqatlarının inkişafı üçün beynəlxalq əməkdaşlıq, maliyyələşmə mexanizmləri, tədris planları, professorların dərs yükü, doktorantura pilləsinin təkmilləşdirilməsi və elmi diasporanın rolu kimi amillər haqqında danışıb.

150-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker iştirakçıların suallarını cavablandırıb.