Azərbaycan Respublikasının Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə “Əsas həyat bacarıqları” mövzusunda onlayn təlimlər keçirilib. Layihənin planına uyğun olaraq hazırda Bərdə, Ağdam və Tərtər rayonlarının ümumi təhsil müəssisələrində təhsil alan yeniyetmələr üçün məşğələlər davam edir.
Proqram çərçivəsində məşğələlərdə iştirak edən uşaqlarda qərar qəbul etmək, problemləri həll etmək, tənqidi və yaradıcı tərzdə düşünmək, effektli ünsiyyət yaratmaq, sağlam münasibətlər qurmaq və başqalarına empatiya ilə yanaşmaq kimi bacarıqlar formalaşdırılır.
Qeyd edək ki, cəbhəyanı bölgələrdə təhsil alan yeniyetmələrin gündəlik həyatlarında rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün bir sıra həyat bacarıqlarının formalaşdırılmasına istiqamətlənmiş müxtəlif mövzular üzrə silsilə məşğələlər canlı və onlayn şəkildə təşkil olunur.
Adıçəkilən məşğələlərin 31 may tarixinədək yekunlaşdırılması nəzərdə tutulub.