Təhsil İnstitutu inklüziv təhsilin təşkili ilə bağlı monitorinqlər keçirir

Tarix: 26.05.2021
Paylaş:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu ölkəmizdə inklüziv təhsilin təşkili istiqamətində görülən işləri davam etdirir. Həyata keçirilən fəaliyyətlərin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etməsi, təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi və onların təhsili üçün maneəsiz mühitin yaradılmasıdır.

Sözügedən fəaliyyətlər çərçivəsində Təhsil İnstitutu məktəblərin sağlamlıq imkanları məhdud uşaqlara müəssərlik baxımından qiymətləndirilməsi, inklüziv məktəbə cəlb olunacaq korreksiyaedici təlim üzrə mütəxəssislərin və inklüziv təhsil məktəblərinə cəlb olunacaq sağlamlıq imkanları məhdud uşaqların ərazi üzrə müəyyənləşdirilməsi kimi işləri icra edir.

Təhsil Nazirliyinin 2021-ci il üçün Fəaliyyət Planına əsasən “Ümumi təhsil müəssisələrində inklüziv siniflərin təşkili” ilə bağlı hal-hazırda Təhsil İnstitutu tərəfindən Bakı, Sumqayıt, Şirvan, Gəncə, Şəki, Quba, Qazax və Ağcabədi şəhərləri üzrə 12 məktəbdə monitorinqlər aparılır. Monitorinqlər çərçivəsində inklüziv təhsil təşkil olunacaq ümumi təhsil müəssisələri və orada fərdi və qrup məşğələlərinin keçirilməsi üçün sinif otağı müəyyənləşdirilir. Qeyd edək ki, monitorinqlər may-iyun ayları ərzində həyata keçiriləcək.